Türkiyə şou-biznesində daha bir narkotik zəlzələsi: 9 məşhur nəzarətə götürüldü
Türkiyədə aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində 7 aprel 2026-cı il tarixində tanınmış məşhurlara qarşı yeni əməliyyat dalğası keçirilib.
Beykoz Respublika Prokurorluğu tərəfindən koordinasiya edilən və İstanbul Vilayət Jandarma Narkotik Cinayətləri İdarəsi ilə birgə icra olunan əməliyyat zamanı ümumilikdə 9 nəfər nəzarətə götürülüb.
Patrul.az xəbər verir ki, saxlanılanlar arasında Simge Sağın (müğənni), Melek Mosso (müğənni), İbrahim Çelikkol (aktyor), Mustafa Ceceli (müğənni), Bengü Erden (müğənni), Ersay Üner (müğənni/bəstəkar), Deha Bilimler (müğənni), İlkay Şencan (DJ/musiqi prodüseri) və Z. Aslı Sipahi Hacısüleymanoğlu (dizayner) var.
Adıçəkilən şəxslər “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması və ya istifadəsi”, həmçinin “narkotik vasitələrin təmin edilməsi” ittihamları ilə üzləşiblər.
İlkin məlumata görə, axtarışlar zamanı Melek Mossonun evində həblər, Simge Sağının ünvanında marixuana, Aslı Sipahinin evində isə reseptlə verilən qırmızı həblər aşkarlanıb.
Saxlanılan şəxslər tibbi müayinədən keçirilmək üçün xəstəxanaya, ekspertiza üçün isə Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndəriliblər. Onların ifadələri alındıqdan sonra barələrində hansı qətimkan tədbirinin seçiləcəyinə qərar veriləcək.
Qeyd edək ki, bu əməliyyat 2025-ci ilin oktyabr ayından bəri davam edən geniş istintaqın tərkib hissəsidir.
Gülbəniz Səfərova






