media-inshot_20260423_094614429

Türkiyə Böyük Millət Məclisi (TBMM) 23 aprel 2026-cı il tarixində 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyan qanun layihəsini qəbul edib.

Patrul.az-ın məlumatına görə, qanuna əsasən, 15 yaşdan kiçik uşaqlara sosial media hesabı yaratmaq qadağan ediləcək, rəqəmsal platformalar isə yaş təsdiqləmə sistemləri qurmağa məcbur olacaq.

15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmamış şəxslər üçün isə yalnız onların yaşına uyğun, məhdudlaşdırılmış xüsusi xidmətlər təqdim olunacaq.

Qaydalara əməl etməyən platformalar üçün yüksək məbləğdə cərimələr və internet trafikinin (bant genişliyinin) məhdudlaşdırılması kimi sərt cəzalar nəzərdə tutulub.

Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiya tərəfindən təqdim olunub və onun tərəfindən imzalanması gözlənilir.

Məlumata görə, qanun 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 16 yaşdan kiçiklərin sosial mediaya girişini qadağan edən ilk ölkə Avstraliya olub. Belə bir qadağanı tətbiq edən hələlik sonuncu ölkə isə məhz Türkiyədir.

Məlumat üçün bildirək ki, Türkiyə ilə yanaşı, Fransa, Danimarka, Yunanıstan və İspaniya da daxil olmaqla bir çox ölkələr bu istiqamətdə addımlar atmağa hazırlaşır. Fransada 15 yaşdan kiçiklərin sosial mediaya girişinin qadağan olunması ilə bağlı parlamentdə müzakirələr aparılır.

Yunanıstan isə 15 yaşdan kiçiklər üçün sosial medianı qadağan edəcəyini bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər