Türkiyədə ABŞ-Rusiya görüşü: “Diplomatiya İstanbulda, kritik gündəm Səudiyyədə…” – ŞƏRH
Rusiya və ABŞ arasında İstanbulda diplomatik danışıqların ikinci raundu başa çatıb. Təxminən beş saat davam edən görüşdə səfirlik və konsulluqların fəaliyyəti, viza məsələləri və diplomatik əmlakın qaytarılması kimi mövzular müzakirə edilib. Patrulaz.az-a öz fikirlərini bölüşən politoloq Natiq Miri görüş zamanı tərəflərin tutduğu mövqeləri və müzakirələrin mahiyyətini bütün aspektləri ilə şərh etdi:
“Türkiyədə baş tutan ABŞ-Rusiya danışıqlarının İstanbulda keçirilən ikinci raundudur. Türkiyənin bu prosesdə yalnız görüş məkanı kimi çıxış etməsi onu göstərir ki, müzakirələrin gündəmində nə Ukrayna amili, nə də Ukrayna-Rusiya müharibəsinin gedişinə birbaşa təsir edəcək məsələlər yer almayıb. Bu görüş sadecə olaraq, Amerika və Rusiya arasında diplomatik danışıqlara əngəl olan amillərin aradan qaldırılması ilə bağlı keçirilib. Çünki burada çox ciddi problemlər var. Sözügedən hər iki ölkənin səfirliklərində, müəyyən maliyyələşmə və bank sistemlərində pul köçürmələri ilə bağlı ciddi problemlər var. Paralel olaraq, digər siyasi və hüquqi əngəllər də var ki, bunların ortadan qalxması üçün danışıqlara ehtiyac var. Tərəflər arasında görüşün ikinci raundunun yenidən bu mövzuda baş tutması diplomatik fəaliyyətlə bağlı əngəllərin nə qədər ciddi olması ilə əlaqəlidir. Nəticədə, bu sözügedən əngəllər Bayden administrasiyası dönəmində Rusiya üçün yaradılmışdır. Bundan sonra eyni mövqeyi də Rusiya ABŞ-ə qarşı tətbiq etmişdir. Ona görə də tərəflər süni əngəllərin tamamilə aradan qaldırılması və diplomatik münasibətlərin tam şəkildə bərpası üçün müvafiq razılaşmalar əldə etməyə çalışırlar”.
Politoloqun sözlərinə görə, Rusiya ilə ABŞ arasında diplomatik əlaqələrin istiqamətləri Türkiyədə müzakirə olunsa da, əsas gündəm, yəni Rusiya-Ukrayna müharibəsi, atəşkəs təşəbbüsləri, sanksiyaların aradan qaldırılması və s. kimi kritik mövzular da paralel olaraq, Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılır:
“İkii ölkə arasındaki bəzi məsələr Türkiyədə deyil, Səudiyyə Ərəbistanın da aparılır. Belə ki, hazırda ABŞ-Rusiya münasibətləri, gələcək iqtisadi əlaqələrin normallaşdırılması, sanksiyaların aradan qaldırılması və Ukrayna-Rusiya müharibəsində atəşkəsin əldə olunması ilə bağlı danışıqlar bu günlərdə Türkiyədə deyil, Səudiyyə Ərəbistanında cərəyan edir”.
Beləliklə, İstanbulda ABŞ və Rusiya arasında keçirilən bu görüş, əsasən tərəflər arasında diplomatik münasibətlərin balanslaşdırılması üçün baş tutub. Əgər Türkiyə iki ölkə arasındakı münasibətləri normallaşdırılmağa səy göstərirsə, Səudiyyə Ərəbistanı da Rusiya-Ukrayna müharibəsi çərçivəsində mövcud hərbi gərginlikləri zəifləməyə çalışır.
Gülbəniz Səfərova