Türkiyədə bu tarixdən etibarən siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏKLƏR
Türkiyədə tütün və nikotin tərkibli məhsulların istifadəsinə dair genişmiqyaslı məhdudiyyətləri nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb.
Patrul.az-ın məlumatına görə, AK Partiya tərəfindən parlamentə təqdim edilən 41 maddəlik layihə Səhiyyə Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.
Avropa Birliyinin “2040-cı ilə qədər tütünsüz nəsil” vizyonuna uyğunlaşdırılan sənəddə aşağıdakı əsas islahatlar yer alıb:
– 1 yanvar 2040-cı il tarixindən etibarən Türkiyə ərazisində bütün növ tütün məhsullarının, o cümlədən elektron siqaretlərin və qızdırılan tütün cihazlarının satışı, istehsalı və paylanması tamamilə qadağan ediləcək.
– Restoran, kafe və şirniyyat mağazalarının açıq hava sahələrində siqaret çəkmək məhdudlaşdırılır. Tütün istifadəsinə yalnız ümumi sahənin 10%-ni (maksimum 20 m²) keçməyən xüsusi zonalarda icazə veriləcək. Bu zonalarda müştərilərə yemək, içki və ofisiant xidmətinin göstərilməsi qəti qadağan olunacaq.
– Keçid dövründə tütün məhsullarının satışı yalnız şəxsiyyət və yaş təsdiqi aparılan elektron sistemlər (biometrik doğrulama və ya bank kartı) vasitəsilə mümkün olacaq. Nağd pulla siqaret satışı ləğv ediləcək
Qanun layihəsi qaydaları pozanlar üçün ağır cəzalar müəyyən edir:
Vətəndaşlar üçün: Qadağan olunmuş zonalarda siqaret çəkənlər 5 000 TL məbləğində cərimə olunacaqlar.
Müəssisələr üçün: Qaydaları ilk dəfə pozan obyektlər 50 000 TL cərimə ediləcək, pozuntu təkrarlandığı təqdirdə müəssisənin fəaliyyəti dayandırılacaq.
Qanunsuz istehsal və satış: Qadağaya rəğmən tütün istehsalı və ya topdan satışı ilə məşğul olanlara 1 milyon TL-dən 5 milyon TL-yə qədər maliyyə sanksiyası tətbiq olunacaq.
Bildirilib ki, yetkinlik yaşına çatmayanlara tütün məhsulu satan şəxsləri 1 ilə qədər həbs cəzası gözləyir.
Bu layihə Türkiyədə tütün asılılığını mərhələli şəkildə aradan qaldırmağı və gələcək nəsilləri bu zərərli vərdişdən qorumağı hədəfləyir.
Gülbəniz Səfərova






