Türkiyədə "Ərimi aldatdım" videoları ilə başladılan trenddə xəyanətin təbliğ olunması cəmiyyəti qəzəbləndirdi
Türkiyədə sosial şəbəkələrdə “Ərimi aldatdım” trendinin yayılması böyük hiddətə səbəb olub.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, bəzi istifadəçilər həyat yoldaşına xəyanəti normallaşdıran bu məzmunların məqsədli şəkildə yayıldığını iddia edirlər.
Sözügedən videolarda qadınların “başqasından hamilə qalmaq”, “əri aldatmaq” kimi ifadələr işlətməsi ailə institutuna açıq təhdid kimi qiymətləndirilir. İstifadəçilərin fikrincə, bu cür paylaşımlar sədaqət və ailə dəyərlərini aşağılamaqla yanaşı, boşanma və xəyanəti adi hala çevirmək məqsədi güdür.
Sosial şəbəkə izləyicilərinin reaksiyaları da birmənalı olmayıb. Onlar sərt tədbirlərin görülməsini tələb edir, bəziləri isə bu cür videoların “ailəni dağıtmaq üçün qəsdən yayıldığını” bildirirlər. Şərhlərdə belə fikirlər səsləndirilib:
“Ağır cəzalar verilməlidir”;
“Zina qanunu geri qaytarılsın”;
“Bu, bilərəkdən edilən əməliyyatdır”.
Sosial şəbəkələrdə ailə, evlilik və valideynlik əleyhinə yayılan məzmunların ardıcıllığı təsadüfi deyil. Daha öncə valideynliyi mənasız göstərən paylaşımların ardından indi xəyanəti önə çıxaran videoların artması cəmiyyətin şüuruna mənfi mesajların ötürüldüyünü göstərir.
Qeyd edək ki, bu tendensiyalar təkcə Türkiyədə deyil, həmin sosial platformaları izləyən digər ölkələrdə də ailə dəyərlərinə zərbə vurur.






