Ukraynada şəhərlər qaranlığa büründü: Rusiyanın zərbələri 340 min abonenti işıqsız qoydu
Rusiyanın Ukraynanın Çerniqov vilayətinə endirdiyi zərbələr nəticəsində regionun enerji sisteminə ciddi ziyan dəyib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Nejin rayonundakı mühüm enerji obyektinə edilən hücum zamanı Çerniqov və Priluki şəhərləri, həmçinin eyniadlı rayonlarda təxminən 340 min abonent işıqsız qalıb.
Novqorod-Severski rayonundakı digər enerji qurğusuna dəyən ziyan isə həmin ərazidə 10 mindən çox sakinin elektrik təchizatının kəsilməsinə səbəb olub.
Regional enerji operatoru olan “Çerniqovoblenerqo” ASC bildirib ki, mütəxəssislər təhlükəsizlik vəziyyəti imkan verən kimi dərhal təcili bərpa işlərinə başlayacaqlar.
Zərərin miqyası isə daha dəqiq şəkildə qiymətləndiriləcək.
Qeyd edək ki, bu hücum Rusiyanın Ukraynanın kritik infrastrukturuna qarşı davam edən genişmiqyaslı zərbələrinin bir hissəsidir və son günlərdə Çerniqovla yanaşı Xarkov, Sumı və Donetsk vilayətlərində də oxşar kəsilmələr qeydə alınıb.






