“Ulu Öndərin ən böyük mirası Prezident İlham Əliyevdir” - Deputat ŞƏRHİ
“Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatında böyük iz qoymuş şəxsiyyətdir. Belə iz buraxmaq hər kəsə nəsib olmur. Çünki o tarix yaratdı. Bu tarixi gələcək nəsillərə ötürmək isə tarixçilərin əsas vəzifəsidir. Onlar bu missiyanı bu gün də davam etdirirlər”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri Anar İsgəndərov bildirib. Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına qoyduğu ən dəyərli miraslardan biri də, onun siyasi kursunu qətiyyətlə davam etdirən, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan, Prezident İlham Əliyevdir:
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Bu dövlətin qurulması, möhkəmləndirilməsi və qorunub saxlanılması məhz onun adı ilə bağlıdır. O, bu tarixi irsi etibarlı əllərə – bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına ötürmüşdür.
Ulu Öndər Heydər Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan xalqını əmin etdi ki, onun başladığı uğurlu siyasi kursu İlham Əliyev cənabları layiqincə davam etdirə bilər. Xalq Heydər Əliyevə inandı və həmin il keçirilən prezident seçkilərində İlham Əliyevə səs verdi. İlham Əliyev də bu siyasəti uğurla davam etdirdi. Heydər Əliyev Sovet dövləti tarixində həmin dövləti idarə etmiş yeganə türk-müsəlman şəxsiyyətdir. Bu tarixi şərəf yalnız ona nəsib olub. Ulu Öndər kənd təsərrüfatı ölkəsi olan Azərbaycanı sənaye dövkətinə çevirdi. Hələ hakimiyyətinin birinci dövründə minlərlə Azərbaycan gəncinin hər il SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmışdı.
Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Ulu Öndər, həmçinin 1978-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu. Mərkəzi hakimiyyətin bütün təzyiqlərinə və etirazlarına baxmayaraq, Ulu Öndər bu məsələdə geri çəkilmədi və prinsipial mövqe nümayiş etdirdi. Ulu Öndər hakimiyyətinin sonrakı dövrlərində də Sovet İttifaqının idarə olunmasında mühüm rol oynadı. Heydər Əliyev ağır blokada şəraitində olan Naxçıvanı yalnız qoruyub saxlamadı, eyni zamanda əhalini səfərbər etdi və bu çətin dövrdə bu gün iqtidarda olan Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Azərbaycanın 1918–1920-ci illərdə mövcud olmuş üçrəngli dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Ali Məclisinə gətirdi və xalq həmin bayraqla ilk dəfə tanış oldu”.
Anar İsgəndərov həmçinin qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinə yazdığı mühüm səhifələr təkcə siyasi varisliklə məhdudlaşmır. Onun 1993-cü ildə xalqın israrlı tələbi ilə Bakıya qayıdaraq ölkəni qardaş qırğınından xilas etməsi, təhlükəsizliyi təmin etməsi və atəşkəsə nail olması müasir dövlətçiliyimizin bünövrəsini qoydu. Professorun sözlərinə görə, Heydər Əliyev həmçinin balanslaşdırılmış xarici siyasət xətti ilə “Əsrin müqaviləsi” kimi tarixi sənədlərə imza ataraq Azərbaycanın iqtisadi inkişafının təməlini atdı:
“Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə Bakıya gələrək, ölkəni vətəndaş qarşıdurmasından, qardaş qırğınından xilas etdi. O, Azərbaycanın təhlükəsizliyini təmin etdi, düşmən təhdidlərinin qarşısını aldı və atəşkəsə nail oldu. Eyni zamanda, xarici dövlətlərlə münasibətləri səmimi və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa başladı. Heydər Əliyev həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”ni imzaladı”.
Deputat Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan danışaraq, onun atdığı strateji və uğurlu addımları xüsusi vurğuladı. O bildirir ki, “Bir millət, iki dövlət” prinsipi də Ulu Öndərin Türk dünyasına bəxş etdiyi dəyərli irsdir. Onun sözlərinə görə, bu gün azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması bir tərəfdən Heydər Əliyevin uzaqgörən siyasətinin, digər tərəfdən isə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir:
“Ulu Öndər Heydər Əliyev 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasının müəllifi oldu. Onun rəhbərliyi ilə ölkədə ölüm hökmü və senzura ləğv edildi. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə etdi. Bu dövrdə Azərbaycan Avropa Şurasının Parlament Assambleyasına üzv seçildi. Heydər Əliyev “Bir millət, iki dövlət” prinsipini tariximizə gətirdi. Təbii ki, bu düşüncə və yanaşmalar Azərbaycan xalqı üçün mühüm uğurların əsasını qoydu.
2003-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyəti demokratik yolla təhvil verdi və bu tarixdən etibarən onun təməlini qoyduğu uğurlu siyasət davam etdirildi. Bu siyasi kurs nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq, itirilmiş torpaqlar 44 günlük Vətən müharibəsi ilə geri qaytarıldı. Beləliklə, əsası 1923-cü ildə qoyulmuş Dağlıq Qarabağ qurumu 2023-cü ildən sonra Azərbaycan tarixindən silindi. Bundan sonra ölkəmizin suverenliyi tam bərpa olundu və üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanmağa başladı”.
A.İsgəndərov dahi şəxsiyyət Heydər Əliyevin xalqımıza qoyduğu miraslardan danışaraq vurğuladı ki, bu mirasların ən böyüyü onun siyasi kursunu uğurla davam etdirən, müasir Azərbaycanın lideri İlham Əliyevdir:
“Ulu Öndərin xalqımıza qoyduğu miraslardan birincisi, Yeni Azərbaycan Partiyasının yaradılması; İkincisi, müstəqil Azərbaycan dövlətinin qurulması; Üçüncüsü, dövlətimizin Konstitusiyasının hazırlanması; Dördüncüsü isə, onun siyasi kursunu davam etdirəcək lider, cənab İlham Əliyevin müəyyənləşdirilməsidir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun memarı olduğu müstəqil Azərbaycan dövləti güclənməkdə davam edir və qazandığı uğurlar göz qabağındadır. Bu uğurların əldə olunmasında qətiyyətli, böyük idarəçilik təcrübəsinə malik Ali Baş Komandan İlham Əliyevin xüsusi rolu var. O, Azərbaycan xalqını dəmir yumruq kimi ətrafında birləşirə bilib və xalq da ona inanır, etibar edir. Çünki ölkəmizin qazandığı uğurlar göz qabağındadır”.
Gülbəniz Səfərova