Universitetlərin paytaxtdan köçürülməsi nələrə səbəb olacaq? - EKSPERT RƏYİ
Fəaliyyət göstərən universitetlərin mərhələli şəkildə paytaxtdan kənara köçürülməsi məsələsi geniş müzakirə olunur. Bu addımın əsas məqsədləri arasında regionların inkişafı, paytaxtda sıxlığın azaldılması və təhsil infrastrukturunun daha balanslı şəkildə bölüşdürülməsi göstərilir.
Bəs bu qərarın hansı nəticələri ola bilər?
Patrul.az mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən universitetlərin mərhələli şəkildə paytaxtdan kənara köçürülməsi məsələsi həm müsbət, həm də riskli nəticələr doğura bilər:
“Bu cür islahatlar bir çox ölkələrdə müzakirə olunub və müxtəlif nəticələr verib.
Baş verə biləcək çümkün müsbət nəticələrdən biri regionların inkişafı amilidir. Universitetlər yeni bölgələrə köçürüldükdə yerli iqtisadiyyat canlanır və bu da öz növbəsində yeni iş yerləri yaradır və gənclər üçün paytaxta axın azalır. Təbii ki,bu da regionlar arasında sosial-iqtisadi fərqlərin azalmasına kömək edə bilər.
Paytaxt Bakı artıq əhali və nəqliyyat baxımından yüklənmiş şəhər hesab edilir. Köçürülmə nəticəsində tələbə sayının azalması nəqliyyat sıxlığını da azalda bilər və şəhər infrastrukturu üzərində təzyiq azalar”.

Ekspert bildirib ki, bu prosesin icrası regionlar üzrə təhsil imkanlarının daha bərabər paylanmasına gətirib çıxara bilər:
“Hazırda əsas universitetlər Bakıda cəmləşib. Köçürülmə zamanı regionlarda yaşayan tələbələr üçün təhsilə əlçatanlıq artır və yerli təhsil infrastrukturu inkişaf edir və “Təhsil mərkəzləşməsi” problemi zəifləyir.
Qeyd olunan müsbət nəticələr ilə bərabər mənfi və riskli nəticələr də yarana bilər. İlk öncə təhsilin keyfiyyətinə təsir riski ön plana çıxa bilər. Çünki təcrübəli müəllim heyəti regionlara köçmək istəməyə bilər və yeni kampusların qurulması vaxt və böyük maliyyə tələb edir,bütün bunlar da elmi mühitinmzəifləməsinə təsir edə bilər.
Digər tərəfdən tələbə və müəllimlər üçün müəyyən çətinliklər yarana bilər. Sosial həyat və imkanlar regionlarda daha məhdud ola bilər. İnternet, laboratoriya, kitabxana kimi infrastruktur yetərli olmaya bilər. Ailə və şəxsi səbəblərlə bağlı köçmək istəməyənlər üçün problem yarana bilər. Köçürülməni mərhələli şəkildə etməklə yaranmış problemlərin həlli də mümkün olar.
Qeyd olunan risklər keçid dövrünün çətinliyi kimi qiymətləndirilə bilər və ilk illərdə bu problemlərin olması normal hesab edilməlidir”.
“Beynəlxalq təcrübəyə nəzər salsaq bəzi ölkələrdə bu modelin tətbiq olunmasını görə bilərik. Məsələn Cənubi Koreyada dövlət qurumları və universitetlərin bir hissəsi regionlara köçürülüb.
Qardaş Türkiyədə yeni universitetlər əsasən regionlarda açılıb.
Ümumi olaraq bildirmək olar ki,bu proses uzunmüddətli perspektivdə müsbət nəticə verə bilər. Amma yalnız düzgün planlama, güclü infrastruktur və sosial dəstək vacib amillərdəndir. Əks halda təhsil keyfiyyətinin azalması və insan resurslarının itirilməsi kimi risklər yarana bilər”,- deyə o əlavə edib.
Ləman Sərraf






