Uşağın kimə bənzədiyini necə müəyyən etmək olar?
Uşaq doğulduğu andan etibarən ailə üzvləri arasında ən çox verilən suallardan biri budur: “Kimə oxşayır?” Bəzən ata tərəfinə, bəzən ana tərəfinə bənzətmələr eşidirik. Əslində bu sualın cavabını necə müəyyən etmək olar?
Patrulaz.az mövzu ilə bağlı araşdırma aparıb.
Əvvəlcə bilinməlidir ki, hər bir insanın genetik kodu ana və atadan gələn 23 xromosomun birləşməsi nəticəsində yaranır. Yəni, uşaq tam olaraq 50% anadan, 50% atadan gen alır. Amma bu genlərin hansı daha güclüdürsə, yəni dominant genlər uşağın xarici görünüşündə və bəzi xüsusiyyətlərində daha çox özünü göstərir.
Məsələn, tünd göz rəngi dominantdırsa, uşaqda bu xüsusiyyət açıq göz rənginə qalib gələ bilər.
Amma bütün hallarda nəticə qarışıq və unikal olur. Bu səbəbdən də bacı-qardaşlar eyni ailədən olsa belə, bir-birinə çox da bənzəməyə bilər.
Bir maraqlı məqam da var: bəzi alimlər deyir ki, ilk aylarda uşaqlar çox vaxt ataya bənzəyir. Bunun təbiətdəki səbəbi sadədir – atanın şübhəsini aradan qaldırmaq, “bu mənim övladımdır” instinktini gücləndirmək. Bioloji baxımdan bu, təbiətin ailəni qoruma mexanizmidir.
Üstəlik, bənzərlik təkcə genetika ilə bitmir. Uşağın davranışları, jestləri, hətta danışıq tonu da çox vaxt valideynlərdən və ailə mühitindən öyrənilir. Ona görə də bəzən insanlar deyir: “Gözləri anasına oxşayır, amma gülüşü atasının eynisidir”.
Əslində isə hər bir uşaq tamamilə özünəməxsus bir qarışımdır. O, həm valideynlərinin genlərini, həm də böyüdüyü mühitin təsirlərini daşıyır. Bu da onu bir daha sübut edir ki, heç bir uşaq yalnız birinə bənzəmir, o, həm ananın, həm atanın, həm də həyatın “əsəridir”.
Ləman Sərraf






