"Uşaq ekrana yox, insanlara baxmağı öyrənməlidir" - PSİXOLOQ
Son günlər uşaqların telefonlara həddindən artıq bağlılığı barədə xəbərlər artıb. Bu vəziyyət valideynləri narahat edir və uşaqların inkişafına təsir edə bilər. Belə olan halda, azyaşlıların mobil telefondan istifadəsinə məhdudiyyət qoymaq nə dərəcədə məqsədəuyğundur və bu, onların fiziki, psixoloji və sosial inkişafına necə təsir edə bilər?
Bu barədə psixoloq Nizami Orucov Patrulaz.az-a açıqlamasında bildirib ki, texnologiyaya çox bağlılıq uşaqların yaradıcılığını zəiflədərkən, məhdudiyyət onlarla faydalı və maraqlı vaxt keçirməyə imkan yaradır:
“Azyaşlıların mobil telefondan istifadəsinə məhdudiyyət qoyulması ilk baxışdan sərt görünsə də, əslində uşaqların gələcəyi üçün çox önəmlidir. Texnologiya uşaqlar üçün əsas əyləncə vasitəsinə çevrildikcə, onların xəyal dünyası və yaradıcılığı get-gedə zəifləyir.
Məhdudiyyət dedikdə uşaqları texnologiyadan tam uzaqlaşdırmaq nəzərdə tutulmur; əksinə, bu zaman uşaqlarla daha maraqlı və faydalı vaxt keçirmək mümkündür. Bu, valideyn və müəllim nəzarəti, gündəlik vaxt limiti və yaşa uyğun kontent seçimi ilə həyata keçirilə bilər. Məsələn, telefon istifadə saatlarını müəyyən edib, uşaqlarla birlikdə rəsm çəkmək, kitab oxumaq və ya təbiətdə gəzmək kimi ekran xaricindəki fəaliyyətlər təşkil etmək mümkündür. Bu, uşaqların yaradıcılığını və diqqətini gücləndirir, eyni zamanda onlarla keyfiyyətli vaxt keçirməyə şərait yaradır”.

Psixoloqun sözlərinə görə azyaşlılara mobil telefondan istifadəyə məhdudiyyət qoymaq uşaqların yaradıcılığını, diqqətini və sosial bacarıqlarını inkişaf etdirir, onlarla keyfiyyətli vaxt keçirməyə imkan yaradır:
“Ən vacibi, uşağa izah etmək lazımdır ki, bu qadağa cəza deyil, onu qorumaq və inkişaf etdirmək üçün qoyulan bir sevgi jestidir. Uzunmüddətli olaraq belə addımlar uşaqlarda diqqət dağınıqlığını azaldır, sosial bacarıqları və yaradıcılığını inkişaf etdirir. Uşaq ekrana yox, insanlara və öz iç dünyasına baxmağı öyrənir. Çünki uşaqlıq texnologiyanın deyil, xəyalın parladığı dövrdür, və biz böyüklər uşaqlara bu yolu açmaqda kömək etməliyik”.
Cəmilə Cəfərzadə






