media-inshot_20260423_131137170

Türkiyə Böyük Millət Məclisi (TBMM) 23 aprel 2026-cı il tarixində 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyan qanun layihəsini qəbul edib.

Qanuna əsasən, 15 yaşdan kiçik uşaqlara sosial media hesabı yaratmaq qadağan ediləcək, rəqəmsal platformalar isə yaş təsdiqləmə sistemləri qurmağa məcbur olacaq.

Belə bir qanunun tətbiqi psixoloji baxımdan nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrul.az-a fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu məsələ çox həssas mövzudu və təkcə hüquqi deyil, həm də psixoloji yanaşma tələb edir:

“Uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət qoyulması ilk baxışda qoruyucu addım kimi görünə bilər. Xüsusilə erkən yaş dövründə uşaqların psixikasının formalaşdığı, identifikasiya və sosial öyrənmə mexanizmlərinin aktiv olduğu nəzərə alınarsa, zərərli kontentdən uzaqlaşdırma cəhdləri müəyyən qədər əsaslıdır. Aqressiya, zorakılıq, yanlış rol modelləri, asılılıq yaradan mexanizmlər uşağın emosional və davranış inkişafına real təsir göstərir. Amma burada əsas məsələ qadağanın özü deyil, onun necə tətbiq olunması və hansı psixoloji nəticələr doğurmasıdır. Tam qadağa yanaşması çox vaxt uşağın marağını daha da artırır və gizli istifadə davranışını formalaşdırır. Bu isə nəzarətin zəifləməsinə və valideynlə uşaq arasında etimadın pozulmasına gətirib çıxara bilər”.

Həmsöhbətimiz bildirib ki, uşaq sosial mühitdən tam təcrid olunarsa, bu onun sosial bacarıqlarının inkişafına da mənfi təsir göstərə bilər:

“Çünki müasir dövrdə sosial media artıq sadəcə əyləncə vasitəsi deyil, həm də sosiallaşma platformasıdır. Psixoloji baxımdan daha effektiv yanaşma məhdudiyyətlə yanaşı maarifləndirmə və tənzimlənmiş istifadə modelinin qurulmasıdır. Uşaq nəyi niyə etməməli olduğunu anlamalıdır. Sadəcə qadağa deyil, səbəbin izahı, alternativlərin təqdim olunması və valideynin davranış modeli burada həlledici rol oynayır. Valideyn özü də rəqəmsal davranış baxımından nümunə olmalıdır. Əks halda verilən mesajlar inandırıcılığını itirir. Eyni zamanda yaşa uyğun filtrasiya, istifadə müddətinin tənzimlənməsi, məzmunun valideyn nəzarətində olması daha balanslı yanaşma hesab olunur”.

media-inshot_20260423_130759196

E.Rüstəmov uşağın emosional vəziyyətinin izlənməsinin vacib olduğunu vurğulayıb:

“Sosial mediadan istifadə onun davranışında aqressiya, diqqət dağınıqlığı, yuxu pozuntusu kimi dəyişikliklər yaradırsa, bu artıq müdaxilə siqnalıdır.

Belə qanunvericilik təşəbbüsləri müəyyən mənada riskləri azaltmağa yönəlib, lakin uzunmüddətli effektivlik yalnız sistemli yanaşma ilə mümkündür. Ailə, məktəb və cəmiyyət paralel şəkildə işləməlidir. Psixoloji baxımdan məqsəd uşağı qorumaqla yanaşı onu real və rəqəmsal dünyada sağlam davranış modelləri ilə təmin etməkdir. Qadağa vasitədir, amma əsas hədəf şüurlu və tənzimlənmiş istifadə mədəniyyətinin formalaşdırılmasıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər