Uşaqları neçə yaşdan idmana cəlb etmək lazımdır? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
Uşaqların idmana cəlb olunması valideynləri ən çox düşündürən mövzulardan biridir. “Tez deyil?”, “Bədəninə zərər verməz?”, “Hansına başlatsaq yaxşıdır?” kimi suallar çox vaxt valideynləri tərəddüddə saxlayır.
Bəs uşaqları neçə yaşdan sonra idmana cəlb etmək olar?
Patrul.az mövzu ilə bağlı araşdırma edib.
Mütəxəssislərin fikrincə uşaqları idmana yönəltmək üçün ideal yaş anlayışı var, amma bu, bir qayda olaraq bütün idman növləri üçün eyni deyil.
Ümumilikdə uşaqlar 3–4 yaşından etibarən idmanla tanış ola bilərlər. Bu dövrdə söhbət ağır məşqlərdən yox, daha çox oyun xarakterli fiziki fəaliyyətlərdən gedir. Qaçmaq, tullanmaq, top atmaq, üzgüçülük elementləri kimi sadə hərəkətlər uşağın həm fiziki, həm də psixoloji inkişafına müsbət təsir göstərir. Bu mərhələdə əsas məqsəd uşağı idmana məcbur etmək deyil, hərəkəti sevdirməkdir.
5–7 yaş aralığı isə koordinasiya və tarazlığın formalaşdığı dövr hesab olunur. Gimnastika, üzgüçülük, rəqs, karate kimi idman növləri bu yaş üçün daha uyğun sayılır. Bu idman növləri uşağın bədənini gücləndirməklə yanaşı, diqqətini, intizamını və özünəinamını da artırır.
8–10 yaşdan sonra uşaqlar artıq daha konkret idman növlərinə yönləndirilə bilər. Futbol, basketbol, voleybol, tennis kimi komanda və fərdi idmanlar bu yaşda həm fiziki gücün, həm də sosial bacarıqların inkişafına kömək edir. Uşaq həm qaydalara əməl etməyi, həm də kollektivdə davranmağı öyrənir.
Mütəxəssislər xüsusilə vurğulayır ki, uşağı idmana cəlb edərkən onun marağı və istəyi əsas götürülməlidir. Valideynin öz reallaşmayan arzularını uşağın üzərinə yükləməsi əks-təsir yarada bilər. Bu halda idman sağlamlıq mənbəyi yox, stress amilinə çevrilir.
İdmanın uşaqlar üçün faydaları isə danılmazdır. Daimi fiziki aktivlik immun sistemini gücləndirir, artıq çəkinin qarşısını alır, düzgün duruş formalaşdırır və yuxu rejimini yaxşılaşdırır. Eyni zamanda idman uşaqlarda məsuliyyət hissini artırır, aqressiyanı azaldır və emosional tarazlıq yaradır.
Nəticə etibarilə, uşaqları idmana cəlb etmək üçün “çox tez” anlayışı yoxdur, amma yaşa və fiziki inkişaf səviyyəsinə uyğun seçim çox vacibdir. Ən önəmlisi isə odur ki, uşaq idmanı bir məcburiyyət yox, həyatının zövqlü bir hissəsi kimi qəbul etsin.
Ləman Sərraf






