media-inshot_20260423_140420939

Bakıda 286 nömrəli məktəbdə baş verən hadisə uşaq psixologiyası istiqamətində müzakirələri yenidən aktuallaşdırıb. Bu cür hallar yeniyetmələrin emosional vəziyyəti, davranış modelləri və sosial mühitlə qarşılıqlı təsiri baxımından xüsusi diqqət tələb edir. Hadisə həm ailə, həm də təhsil müəssisələrinin uşaqlarla daha sistemli psixoloji iş aparmasının vacibliyini ortaya qoyur. 

“Dəli-dolu” vaxtlarında onları necə idarə etməliyik?

Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Fidan Azərqızı bildirib ki, baş verən son hadisə yeniyetmə psixologiyası ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb:

“Bu kimi hallar bir daha göstərir ki, yeniyetməlik dövrü sadəcə “dəli-dolu” mərhələ deyil, eyni zamanda emosional və psixoloji baxımdan həssas bir inkişaf dövrüdür.

Psixoloq olaraq qeyd edirəm ki, bu yaş mərhələsində beynin qərarvermə və özünü nəzarət mexanizmləri hələ tam formalaşmır, emosional reaksiyalar isə daha güclü və kəskin olur. Bu səbəbdən yeniyetmələr bəzən impulsiv davranır, ani qərarlar verir və hisslərini idarə etməkdə çətinlik yaşayırlar. Bu davranışları yalnız “tərbiyə problemi” kimi qiymətləndirmək isə məsələyə səthi yanaşma olardı”.

media-inshot_20260423_135721220

Psixoloq məsələ ilə bağlı belə bir təcrübəni nümunə göstərib:

“Bu cür hadisələrin arxasında çox zaman emosional tənzimləmə çətinlikləri, ailədaxili ünsiyyət problemləri, məktəb mühitində yaşanan gərginlik və uşağın özünü ifadə edə bilməməsi dayanır. Yəni diqqət yalnız davranışa deyil, onun səbəblərinə yönəlməlidir.

Yeniyetmələrin bu həssas dövründə valideyn və müəllim yanaşması həlledici rol oynayır. Sərt qadağalar və təzyiq əksər hallarda müqaviməti artırır. Əvəzində, açıq ünsiyyət qurmaq, yeniyetmənin hisslərini anlamağa çalışmaq və onu dinləmək daha effektiv nəticə verir. Uşaq özünü başa düşülmüş hiss etdikdə, davranışlarını tənzimləmək ehtimalı artır.

Eyni zamanda sərhədlərin qoyulması vacibdir, lakin bu sərhədlər izahla müşayiət olunmalıdır. “Olmaz” deməklə kifayətlənmək deyil, səbəbləri izah etmək yeniyetmədə daxili məsuliyyət hissinin formalaşmasına kömək edir”.

Müsahibimiz əlavə edib ki, uşaqların böyüklərin davranışlarını modelləşdirdiklərini unutmaq olmaz: 

“Valideyn və müəllimlərin emosiyalarını necə idarə etməsi, konfliktlərə necə reaksiya verməsi yeniyetmələr üçün birbaşa nümunə rolunu oynayır.

Bu baxımdan həm ailə, həm də təhsil müəssisələrində psixoloji işin sistemli şəkildə qurulması vacibdir. Məktəblərdə psixoloji xidmətlərin aktiv fəaliyyəti, müəllimlərin bu sahədə maarifləndirilməsi və psixoloqa müraciətin təbii bir dəstək forması kimi qəbul olunması mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə vurğulamaq istərdim ki, yeniyetmənin davranışı onun daxili dünyasının bir ifadəsidir. Bu dili anlamağa çalışdıqda, problemi sadəcə nəzarət altına almaq yox, həll etmək mümkün olur”.

Ləman Sərraf


Bənzər xəbərlər