media-inshot_20260508_095115157

­Xəbər verdiyimiz kimi, “Hantavirus”a yoluxan kruiz gəmisində 3 nəfərin ölümü dünyada narahatlıq yaratmağa başlayıb.

Patrul.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus virusla bağlı Türkiyə də daxil olmaqla 12 ölkəyə xəbərdarlıq edib.

O, bu barədə təşkilatın həftəlik mətbuat konfransında açıqlama verib.

Qebreyesusun sözlərinə görə, Britaniya səhiyyə orqanları hələ 2 may tarixində gəmidəki ağır tənəffüs xəstəliyi barədə ÜST-ü məlumatlandırıb:

“İndiyə qədər 3 ölüm faktı daxil olmaqla, ümumilikdə 8 yoluxma halı qeydə alınıb. Bu hallardan 5-i rəsmi təsdiqlənib, 3-ü isə şübhəli olaraq qalır”.

Məlumata görə, aprelin 24-də gəmi Müqəddəs Yelena adasında dayanan zaman təxminən 40-a yaxın sərnişin gəmini tərk edərək müxtəlif ölkələrə yollanıb. ÜST həmin sərnişinlərin qayıtdığı Türkiyə, Kanada, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, İsveç, İsveçrə, Böyük Britaniya, ABŞ və Sent-Kits və Nevis rəsmilərinə müraciət edərək vəziyyətlərinin ciddi şəkildə izlənilməsini xahiş edib.

ÜST-ün rəsmisi Maria Van Kerkhove isə “Hantavirus”un koronavirusdan fərqli olduğunu vurğulayaraq sakinləri sakitliyə çağırıb:

“Bu, SARS-CoV-2 deyil. “Hantavirus”lar uzun müddətdir məlumdur və COVID-19 kimi sürətlə yayılmır. İnfeksiya əsasən gəmiricilərdən insanlara keçir, insanlar arasında isə yalnız çox yaxın, intim təmas zamanı yayıla bilər. Hazırda risk səviyyəsi aşağı qiymətləndirilir”.

Mütəxəssislər hesab edirlər ki, sərnişinlər Argentinanın Uşuaya şəhərində keçirilən quş müşahidəsi ekskursiyası zamanı gəmiricilərlə təmasda olublar. Hantavirus gəmiricilərin ifrazatı (nəcis, sidik, tüpürcək) ilə çirklənmiş havanın tənəffüs edilməsi və ya dişləmə vasitəsilə keçir.

media-20260507_b04d6ca0efa94d999213096c0e8835d7

Gülbəniz Səfərova


Bənzər xəbərlər