Üzə buxar verərkən bu səhvi etməyin - Qalıcı izlər yarana bilər
Çox vaxt evdə üz təmizləyərkən edilən ən böyük səhv dərini həddindən artıq qaynar buxara verməkdir. Burada əslində məqsəd dərini pörtlətmək yox, məsamələri incə şəkildə “təslim olmağa” məcbur etməkdir.
Patrul.az-ın apardığı araşdırmalar göstərir ki, bir çox insan ev şəraitində üz təmizləmə prosedurlarını (buxar vermə) qeyri-peşəkar şəkildə həyata keçirir. Nəticədə, dərini təmizləmək əvəzinə, qalıcı damar çatlamaları və dərin infeksiya riskləri yaranır.
Buxarın təsirini artırmaq üçün suya sadəcə istilik kimi baxmayın. Dəri tipinizə görə bunları əlavə edin:
Yağlı və sızanaqlı dəri: 3-4 damcı çay ağacı yağı və ya bir ovuc quru nanə. Bu, həm antibakterial təsir göstərir, həm də məsamələri dərindən dezinfeksiya edir.
Yorğun və solğun dəri: Limon qabıqları və ya rozmarin. Qan dövranını sürətləndirib üzə təbii “botoks” effekti verəcək.
Həssas dəri: Yalnız çobanyastığı. Dərini sakitləşdirir və qızartıları minimuma endirir.
Dəriniz buxarda çox qaldıqda təbii nəm balansını itirir və “əks-reaksiya” verir: Dəri quruduğunu hiss edib daha çox yağ ifraz etməyə başlayır. Təmizləmək istədiyiniz məsamələr sabah daha tez dolur. 8-10 dəqiqədən artıq buxar dərinin düşmənidir.
Əgər burnunuzun kənarlarında və ya yanaqlarınızda xırda qırmızı damarlar varsa, isti buxar sizin üçün qadağandır! İsti damarları genişləndirir və onlar bir daha geri yığılmayaraq üzdə qalıcı qırmızı ləkələr yaradır. Bu halda isti buxar yox, üzünüzə ilıq (isti deyil!) dəsmal qoyub 5 dəqiqə gözləmək daha təhlükəsizdir.
Buxardan sonra edilən 2 kritik səhv:
– Buxardan çıxan kimi dərhal sızanaqları sıxmağa qaçmayın.
– Dırnaq dərini yaralayır və ömürlük iz qoyur. Yalnız steril salfet və ya xüsusi kosmetik ilgəklərdən (unon iynəsi) istifadə edin.
– Məsamələri açıq qoymayın. Ən vacib mərhələ budur! Buxar məsaməni açdı, siz təmizlədiniz, bəs sonra? Əgər məsaməni bağlamasanız, ora 1 saat ərzində havadan daha çox toz dolacaq.
Təmizləmədən sonra üzünüzü mütləq buz kimi soyuq su ilə yaxalayın və ya buz kubunu dərinizdə gəzdirin. Bu proseduru axşam saatlarında, yatmazdan əvvəl edin. Buxardan sonra dəri müdafiəsiz olur; çölə çıxmaq, günəş işığına və ya şəhər tozuna məruz qalmaq bütün zəhmətinizi puç edə bilər.
Evdə “çistka” spa salonundakı kimi effekt verə bilər, bir şərtlə ki, temperaturu və zamanı idarə edə biləsiniz. Dərinizi sevin, onu yandırmayın!
Cəmilə Cəfərzadə






