Valideyn əşyaları, yoxsa dərs vəsaiti: Çanta yükünü kim artırır? - AÇIQLAMA
Məktəb yaşlı uşaqların gündəlik həyatında çanta çəkisi getdikcə daha çox müzakirə olunan problemlərdən birinə çevrilir. Ağır çantalar uşaqlarda bel, boyun və çiyin ağrıları yarada, həmçinin ümumi fiziki inkişafına mənfi təsir göstərə bilər. Bu problemin yaranmasında müxtəlif amillər rol oynayır. Bəzən valideynlər ehtiyat məqsədilə uşağın çantasına əlavə geyim, yemək və ya lazımsız əşyalar qoyur, digər hallarda isə proqramdan kənar və ya həddindən artıq çox dərs vəsaiti çantanın ağırlaşmasına səbəb olur. Nəticədə uşaqlar hər gün normadan artıq yük daşımaq məcburiyyətində qalırlar.
Belə olan halda, uşağın çantasını daha çox ağırlaşdıran əsas amil hansıdır: valideynin əlavə əşyalar qoyması, yoxsa əlavə dərs vəsaiti?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, ümumilikdə uşağın məktəb çantasının ağırlaşmasının əsas əlavə dərs vəsaitləri olsa da, valideynlərin qoyduğu əlavə əşyalar bu yükü daha da artıran ikinci dərəcəli amil kimi çıxış edir:

“Uşağın məktəb çantasının ağırlaşmasına təsir edən amillərə baxdıqda, məsuliyyətin yalnız bir tərəfin üzərinə düşmədiyini görürük. Lakin praktik müşahidələr göstərir ki, çantanın normadan artıq ağır olmasının əsas səbəbi çox vaxt əlavə dərs vəsaitləri olur, valideynin əlavə əşyalar qoyması isə bu yükü daha da artıran ikinci dərəcəli amildir. Dərsliklərin 2 hissədən ibarət olması ümumilikdə yaranan ağırlığın qismən azalmasına səbəb olur. Amma bəzən dərslikdən başqa əlavə vəsaitlərin də istifadəsi və həmin vəsaitlərin daşınması çantanın ağırlıqğını daha da artırır. Digər tərəfdən, valideynlərin çantaya yerləşdirdiyi əlavə əşyalar – ehtiyat paltar, su və yemək qabı, artıq dəftər, bəzən isə həmin gün üçün lazım olmayan dərs ləvazimatları da çantanın çəkisini artırır. Lakin bu əşyalar, adətən, dərs vəsaitləri ilə müqayisədə daha az çəkiyə malik olur və əsas problem mənbəyi deyil. Sadəcə olaraq, mövcud ağır yükün üzərinə əlavə ağırlıq gətirir”.
Ekspertin sözlərinə görə, valideyn nəzarətsizliyi uşağın lazımsız dərslikləri daşımasına səbəb olaraq çanta yükünü artırır:
“Əgər valideyn övladına çantasını hər axşam cədvələ uyğun yığmağı öyrətmirsə, uşaq həmin gün keçilməyən dərslərin də kitablarını daşıyır. Bu halda “əlavə vəsait” amili valideynin “nəzarətsizliyi” ilə birləşib ikiqat yük yaradır. Məktəblərdə fərdi şkafların olması bu ağırlığı 70-80% azalda bilərdi. Eyni zamanda uşaqlarda çantanı məqsədyönlü şəkildə yığma vərdişinin aşılanması vacibdir”.
Cəmilə Cəfərzadə






