media-inshot_20260220_151729117

“Dünən Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı beynəlxalq siyasi gündəlik baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir”.

Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva Patrul.az-a Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının birinci iclasındakı iştirakı barədə öz təəssüratlarını bölüşərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də qlobal səviyyədə sabitliyi və dayanıqlı sülhü təmin edən məsuliyyətli siyasət yürüdür:

“Bu iştirak təkcə diplomatik protokol çərçivəsində reallaşan səfər deyil, eyni zamanda Azərbaycanın qlobal sülh və təhlükəsizlik məsələlərində artan rolunun və məsuliyyətli mövqeyinin bariz göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi transformasiyalar, regional münaqişələr və yeni təhlükəsizlik çağırışları ilə səciyyələnir. Belə bir şəraitdə sülh təşəbbüslərinə real töhfə verən, beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirən dövlətlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz bu məsuliyyətli və prinsipial xətti seçərək həm regionda, həm də daha geniş coğrafiyada sabitliyin möhkəmləndirilməsinə xidmət edən siyasət həyata keçirir. Post-münaqişə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın əsas prioriteti dayanıqlı və ədalətli sülhün təmin olunmasıdır. Rəsmi Bakı sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və regional əməkdaşlıq platformalarının formalaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Bu yanaşma revanşizmə deyil, gələcəyə hesablanmış əməkdaşlıq modelinə əsaslanır”.

media-inshot_20260220_151042867

M. Vəliyeva qeyd edir ki, Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir:

“Prezident cənab İlham Əliyevin Vaşinqtondakı çıxışında da məhz uzunmüddətli sabitliyin təmin olunması üçün qarşılıqlı hörmətə və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən münasibətlər sisteminin vacibliyi xüsusi vurğulandı. Azərbaycanın sülh təşəbbüsləri artıq regional çərçivəni aşaraq qlobal miqyasda müsbət qiymətləndirilir. Böyük dövlətlərin liderləri və beynəlxalq siyasi dairələr Azərbaycanın konstruktiv mövqeyini, balanslı və praqmatik siyasətini diqqətlə izləyir və yüksək dəyərləndirirlər. Vaşinqton kimi qlobal siyasi qərarların formalaşdığı mərkəzdə Prezident cənab İlham Əliyevin iştirakı və mövqeyinin dinlənilməsi ölkəmizin artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir. Bu, həm də Azərbaycanın artıq regional aktordan daha geniş – Avrasiya məkanında söz sahibi olan mühüm siyasi subyektə çevrildiyini təsdiqləyir. Cənab Prezidentin uğurlu və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində balanslı mövqeyini təmin edib. ABŞ-la münasibətlərin inkişafı, enerji təhlükəsizliyində Azərbaycanın oynadığı strateji rol, nəqliyyat və logistika dəhlizlərinin genişləndirilməsi, o cümlədən çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak ölkəmizin qlobal gündəlikdəki çəkisini artırır. Bu kontekstdə Sülh Şurasının birinci iclasında iştirak həm siyasi dialoqun genişlənməsi, həm də Azərbaycanın təşəbbüslərinin beynəlxalq platformada təqdim olunması baxımından əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti Azərbaycanın həm regionda, həm də qlobal səviyyədə etibarlı və nüfuzlu sülh tərəfdaşı kimi tanınmasını təmin edir:

“Prezident cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və strateji baxışı nəticəsində Azərbaycan həm milli maraqlarını prinsipial şəkildə müdafiə edən, həm də beynəlxalq əməkdaşlığa açıq olan məsuliyyətli dövlət kimi tanınır. Onun sülh təşəbbüslərinə ardıcıl dəstək verməsi regionda yeni qarşıdurma risklərinin minimuma endirilməsinə, etimad mühitinin formalaşmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu siyasət yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün sabitlik və inkişaf vəd edən model kimi diqqət çəkir. Beləliklə, Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclasında Prezident cənab İlham Əliyevin iştirakı Azərbaycanın qlobal sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. Bu iştirak, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş statusunun və sülh təşəbbüslərinin böyük dövlətlərin liderləri tərəfindən diqqətlə izlənildiyinin və yüksək qiymətləndirildiyinin növbəti təsdiqidir. Ardıcıllıq, prinsipiallıq və strateji baxışa əsaslanan bu siyasət Azərbaycanın regional və qlobal mövqelərini daha da möhkəmləndirir və onu sülhün təşviqində fəal iştirak edən nüfuzlu dövlət kimi təqdim edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər