Vəfat etmiş şəxsin kredit borcunun aqibəti necə olur? - Ekspertdən İZAH
Bəzən kredit götürən və kredit verən şirkət arasında mübahisəli hallar yaşanır. Belə vəziyyət daha çox kredit götürən şəxs vəfat etdikdə baş verir.
Bəs şəxs vəfat edərsə, onun adına olan krediti kim ödəməlidir?
Patrul.az mövzu ilə bağlı olaraq bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova müraciət edib.
O bildirib ki, miras hüququ baxımından istər insan sağ olsun, istərsə vəfat etmiş olsun, onun borc öhdəlikləri əmlakı ilə bağlı olur:
“Yəni, sağlığında bir şəxsin əmlakı və borcu varsa, həmin borc onun əmlakı hesabına ödənilir. Vəfat etdikdən sonra isə onun əmlakı (əgər qalırsa) yenə də borcların ödənilməsi üçün istifadə olunur. Əgər vəfat edən şəxsin əmlakı varsa və bu əmlak varislərə (verəsələrə) keçibsə, o zaman hər bir varis yalnız qəbul etdiyi miras əmlakı həddində mərhumun borcuna görə məsuliyyət daşıyır.
Məsələn, vəfat etmiş şəxsin 10.000 manat borcu var, amma yalnız 5.000 manatlıq əmlakı qalıb. Bu 5.000 manatlıq əmlak, məsələn, oğlu və qızının hərəsinə 2.500 manatlıq miras düşüb. Belə halda, hər bir varis 2.500 manat həddində mərhumun borcunu ödəməlidir. Yəni, ümumilikdə 5.000 manat borc ödənir, qalan 5.000 manat borc isə silinir, çünki əmlak kifayət etmir. Bu halda varislərə miras olaraq faktiki olaraq heç nə çatmır, çünki miras tam borcun ödənilməsinə yönəlir”.

Ekspert digər bir nümunə də göstərib:
“Ölənin 10.000 manat borcu var, amma 20.000 manatlıq əmlakı qalıb.
Bu əmlak oğluna və qızına bərabər şəkildə (10.000 + 10.000) bölünüb.
Hər biri 5.000 manat borc ödədikdən sonra öz paylarının 5.000 manatını əldə edirlər.
Əsas prinsip budur ki, varis mirasdan imtina etməyibsə, yalnız qəbul etdiyi miras əmlakı miqdarında mərhumun borclarına görə cavabdehlik daşıyır. Mirasdan çox olan borca görə isə heç bir halda varis məsuliyyət daşımır. Bu borclar hüquqi olaraq silinir.
Kimsə öz istəyi ilə mərhumun borcunu tam ödəmək istəsə, bu yalnız könüllü şəkildə ola bilər, qanuni məcburiyyət yoxdur”,– deyə o əlavə edib.
Ləman Sərraf






