media-inshot_20251210_172459575

Vəfat etmiş şəxsin pensiyası sosial müdafiə sisteminin mühüm hissəsini təşkil edir və ailə üzvlərinin həyat şəraitinin qorunması məqsədilə qanunla tənzimlənir. Belə hallarda müəyyən şərtlərə cavab verən ailə üzvlərinə pensiya ödənilməsi təmin olunur.

Vəfat etmiş şəxsin pensiyasının ödənilməsi hüququ kimlərə aiddir və hansı şərtlərlə verilir?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda vəfat etmiş şəxsin pensiya kapitalı miras kimi deyil, ailənin sosial təminatını qorumaq üçün aylıq ödənişlər şəklində yönləndirilir:

“Azərbaycanda vəfat etmiş şəxsin pensiya kapitalının taleyi sosial sığorta hüququnun əsas prinsiplərinə uyğun tənzimlənir və burada məqsəd təkcə vəsaitin hesablanması deyil, ailənin sosial müdafiəsinin davamlı təmin edilməsidir. Qanunvericiliyə görə, sığortalının topladığı pensiya kapitalı miras əmlakı kimi deyil, ailə başçısını itirməyə görə pensiyanın hesablanmasına yönələn sosial təminat aləti kimi çıxış edir. Bu mexanizm 18 yaşınadək övladları, əyani təhsil alan gəncləri 23 yaşadək, əlilliyi olan övladları, həmçinin pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş həyat yoldaşı və valideynləri əhatə edir. Ən azı 5 illik sığorta stajı olduqda kapitalın həcmi ailə üzvlərinə uzunmüddətli aylıq təminat yaradır; bu isə ailənin gəlir itkisini kompensasiya edən, xüsusilə də azyaşlıların sosial risklərdən qorunmasını təmin edən olduqca mühüm mexanizmdir. Bu yanaşma bir tərəfdən dövlətin sosial öhdəliklərini sabit saxlayır, digər tərəfdən toplanmış kapitalın birbaşa ailənin rifahına yönəldilməsini təmin edir və sosial sığorta sisteminin dayanıqlığını pozmadan fərdi yığım elementini nəzərə alır”.

media-img-20251210-wa0029

R. Qaraşov Azərbaycanın pensiya modeli Almaniya və Türkiyə təcrübəsinə uyğun olaraq sosial təminatı prioritet edən hibrid yanaşmaya əsaslandığını vurğulayıb:

“Beynəlxalq təcrübə göstərir ki, Azərbaycanın tətbiq etdiyi model mahiyyətcə Almaniya və Türkiyə kimi ölkələrin dövlət sosial sığorta yanaşması ilə üst-üstə düşür. Almaniyada vəfat etmiş şəxsin ödədiyi sığorta haqları ailə üzvlərinə aylıq təminat formasında qaytarılır və kapitalın birbaşa miras kimi verilməsi nəzərdə tutulmur. Türkiyədə də məcburi sistemdə “ölüm aylığı” oxşar qaydada fəaliyyət göstərir, lakin Türkiyənin könüllü pensiya sistemi kapitalın tam miras qalmasına imkan verir – bu, həm dövlət təminatı, həm də fərdi seçimləri birləşdirən hibrid modelin nümunəsidir. Daha liberal Qərb ölkələrində, xüsusilə Böyük Britaniyada, işçi və işəgötürən tərəfindən formalaşdırılan fərdi pensiya fondları tam miras xarakteri daşıyır və benefisiarlar kapitalı birbaşa əldə edə bilir. Bu təcrübələr göstərir ki, pensiya kapitalının taleyinə dair müasir hüquqi yanaşmalar iki istiqamət üzrə inkişaf edir: sosial təminatın kollektiv həmrəyliyə əsaslanan modeli və kapitalın şəxsə məxsus mülkiyyət kimi irsən ötürülməsi prinsipi”.

Vəkilin sözlərinə görə, Azərbaycanın gələcək pensiya islahatları sosial müdafiə və fərdi yığımları balanslaşdıran çevik və şəffaf mexanizmlərlə qurulmalıdır:

” Mənim vəkil kimi fikrim budur ki, Azərbaycanın gələcək islahatları məhz bu iki istiqamət arasında balans yaratmalı, həm sosial müdafiənin sabitliyini, həm də vətəndaşın fərdi yığımlar üzərində gözləntilərini təmin edən daha çevik və şəffaf mexanizmlərin formalaşdırılmasına doğru yönəlməlidir. Bu, həm sosial ədaləti gücləndirər, həm də pensiya sisteminə ümumi etimadı artırar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər