Vəkil: “Cinayət əvvəlcədən planlaşdırılıb və xüsusi amansızlıqla törədilib”
Bakının Bülbülə qəsəbəsində məsciddə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi üzrə ilk məhkəmə baxışı keçirilib.
Patrul.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 1996-cı il təvəllüdlü Elvin Məmmədov özünü ittiham üzrə təqsirli bilməyib.
Təqsirləndirilən şəxs bildirib ki, ittiham aktında qeyd olunan bəzi məqamlarla razı deyil. O, hadisə zamanı içkili olması ilə bağlı iddiaları qəbul etmədiyini və ümumiyyətlə spirtli içki qəbul etmədiyini deyib.
Elvin Məmmədov əlavə edib ki, mərhum Nadir Səfərovun yatdığı vəziyyətdə qətlə yetirilməsi ilə bağlı iddia həqiqətə uyğun deyil:
“İttiham aktında yazılıb ki, mən cinayəti törədəndə Nadir yatmış vəziyyətdə olub. Bu, doğru deyil. Hadisədən əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm. Onların arasında Nadir də olub. Məni qeyrətsiz adlandırıblar. Bu, mənə çox ağır təsir etdi. Mən kənddə heç vaxt heç kimin ailəsinə, namusuna toxunmamışam. Bu hallar məndə qıcıq yaratdı və iyulun 26-da Nadiri tapmaq məqsədilə məscidə getdim. Namaz otağında onu yatmış vəziyyətdə gördüm, oyadaraq ayağa qalxmasını tələb etdim. Bundan sonra aramızda əlbəyaxa dava oldu. Nadirə qarşı bıçaqla zərbələr endirdim. Düşünürdüm ki, təxminən 10 dəfə vurmuşam, amma istintaqda dedilər ki, 30-dan çox zərbə olub”.
Məhkəmədə şahidlər də ifadə veriblər. Məsciddə çalışan şahid bildirib ki, hadisənin baş verdiyi otaq bəzən açıq, bəzən isə bağlı olur. Şahidlərin hamısı qətl hadisəsindən sonra baş verənlərdən xəbər tutduqlarını qeyd ediblər. Müdafiə tərəfinin “Elvin Məmmədovun qəsəbədə nüfuzu olubmu?” sualına şahid “Elvinin hörmətinin əsasən Nadirə görə olduğunu” deyib.
Hakim proses zamanı səsləndirilən nalayiq ifadələrə görə həm şahidlərə, həm də təqsirləndirilən şəxsə xəbərdarlıq edib.
Məhkəmə prosesi fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 26-sı səhər saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı müəyyən edilib ki, Elvin Məmmədov namaz otağında olan Nadir Səfərova bıçaqla ümumilikdə 38 zərbə endirib. O, həmin gün 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı rayon prokurorluğu tərəfindən Elvin Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə yekun ittiham verilib.
Mərhum Nadir Səfərovun vəkili Mirbağır Bağırovun Patrul.az-a verdiyi açıqlamada isə bunlar bildirilib:
”Elvin Məmmədov özünü müdafiə xarakterli ifadə verərək törətdiyi əmələ haqq qazandırmaq istəsə də, işin reallığı tam fərqlidir. Qeyd edilən cinayət əməli ilə bağlı onu deyə bilərəm ki, Məmmədov Elvin Elşad oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində qonşuluqda yaşayan Səfərov Nadir Səfər oğlunu heç bir əsaslı səbəb olmadan, sonuncunun qəsəbədə qazandığı hörmətə görə gözü götürməyib. Qəsəbə ərazisində yaşayan bir çox şəxsin Elvin Məmmədova qarşı soyuq davranmasını da Nadir Səfərovun üzərinə ataraq bunu özü üçün cüzi bəhanəyə çevirib. Elvin Məmmədov öz şəxsiyyətini Nadir Səfərovun şəxsiyyətindən üstün tutaraq, xuliqanlıq niyyəti ilə 26 iyul 2025-ci il tarixdə gecə saat 03:00 radələrində Nadir Səfərovun əksər hallarda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Axundov küçəsi 14 ünvanında yerləşən “İmamzadə” məscidində olduğunu ehtimal edib. Onu qəsdən öldürmək məqsədilə yaşadığı Babək küçəsi, ev 5 ünvanındakı fərdi yaşayış evindən çıxaraq məscidə gəlib.
İlk dəfə gəldikdə orada başqa şəxslərin olub-olmamasını yoxlayaraq geri qayıdıb. Daha sonra ikinci dəfə yenidən məscidə gələrək içəri daxil olub və Nadir Səfərovun orada olmasından tam əmin olduqdan sonra onun yatdığı otağa girib. Sonuncunun yatmış vəziyyətdə olmasından sui-istifadə edərək, müqavimət göstərmək imkanının olmadığını dərk edib, şalvarının bel hissəsində gətirdiyi bıçaqla köməksiz vəziyyətdə olan Nadir Səfərova zərbələr endirməyə başlayıb.
Cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirərək, müstəsna dərəcədə qəddarlıq göstərib və ümumilikdə 38 bıçaq zərbəsi vurub. Nəticədə Nadir Səfərov aldığı xəsarətlərdən yaranan kəskin qanitirmə şoku nəticəsində həyatını itirib. Beləliklə, Elvin Məmmədov köməksiz vəziyyətdə olan şəxsi xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən öldürüb.
Cinayət əməli əvvəlcədən planlaşdırılıb. Mərhum Nadir Səfərovun idmançı bədən quruluşuna malik olması, çevik və güclü biri kimi tanınması səbəbindən Elvin Məmmədov onu yalnız yatılı vəziyyətdə, yəni təhlükə gözləmədiyi anda öldürə biləcəyini anlayaraq cinayəti gecə saatlarında törədib.”
Qəsəbə sakinlərinin dediklərinə görə, mərhum Nadir Səfərov imkansız şəxslərə kömək edən, xeyirxah və nüfuzlu biri kimi tanınıb. O, dəfələrlə Elvin Məmmədova maddi və mənəvi dəstək göstərib, cibinə pul qoyub. Bu faktlar qəsəbə sakinlərinə də məlumdur. Məhz buna görə Nadir Səfərov heç vaxt Elvin Məmmədovun ona qarşı belə bir niyyətinin ola biləcəyini ağlına gətirməyib.
Şahid ifadələrindən də görünür ki, Nadir Səfərov qəsəbə sakinləri arasında hörmət qazanan və sevilən şəxs olub. Cinayət işi üzrə dindirilmiş şahidlərin hamısı mərhum barədə müsbət fikirlər səsləndirsə də, Elvin Məmmədov haqqında əks mövqedə olublar.
Hazırda məhkəmə istintaqı davam etdiyindən və cinayət işi üzrə sənədlər hələ tam tədqiq edilmədiyindən daha ətraflı məlumat vermək mümkün deyil. Lakin onu qeyd etmək istərdim ki, Elvin Məmmədovun cinayəti əvvəlcədən planlaşdırması, əməlində xuliqanlıq niyyətinin olması və köməksiz vəziyyətdə olan şəxsə qarşı xüsusi amansızlıqla törədilməsi istintaq materialları ilə tam təsdiqini tapır.






