Venesuela müxalifət lideri Maçado Trampa Nobel mükafatı verdi - FOTOLAR
ABŞ Prezidenti Donald Tramp ilə Venesuela müxalifət lideri Maria Korina Maçado arasında Ağ Evdə rəsmi görüş keçirilib.
Patrul.az-ın xarici KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Maçado Trampa özünün 2025-ci il Nobel Sülh Mükafatı medalını təqdim edib.
O, bu addımı Trampın Venesueladakı azadlıq və demokratiya uğrunda gördüyü işlərə görə hörmət və təşəkkür jesti kimi izah edib.
Donald Tramp isə Maçado ilə görüşdən sonra mükafatla bağlı öz sosial media platforması olan “Truth Social”da paylaşım edib:
“Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh Mükafatını təqdim etdi. Bu qarşılıqlı hörmətin gözəl bir jestidir”.
Görüşdən sonra Maçado ABŞ Kapitolisinə gedərək senatorlarla da ayrıca görüşüb və Venesuelanın gələcəyi barədə danışıqlar aparıb.
Məlumat üçün bildirək ki, Maçado uzun illər sabiq Prezident Nikolas Maduronun sərt tənqidçisi olub və o, bu mükafatı demokratiya mübarizəsi üçün aldığını bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Maçadonun Venesuela Prezidenti olması yönündə dəstək verməyib və bunun səbəbi olaraq onun ölkədə kifayət qədər siyasi gücə malik olmamasını göstərib.
Hazırkı Venesuela prezidenti kimi tanınan şəxs Delsi Rodrigezdir. O, Nikolas Maduronun vəzifəsindən ayrılmasından sonra yanvarın 5-də müvəqqəti prezident təyin olunub. Ağ ev onun başçılıq etdiyi hökumətlə yaxşı münasibət qurduğunu açıqlayıb:
“Rodrigez administrasiyası olduqca əməkdaşlıq edir”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Venesuelanın paytaxtı Karakasda Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tutularaq, ABŞ-nin Nyu-York şəhərində federal məhkəmənin qarşısına çıxarılıblar.
Cütlüyə narkotik terrorizmi, narkotik qaçaqmalçılığı və əlaqəli cinayətlər üzrə ittihamlar irəli sürülüb.










Gülbəniz Səfərova






