Vüqar Nadirov - futboldan məşqçiliyə uzanan yol
Vüqar Nadirov 15 iyun 1987-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. O, Azərbaycan futbol ictimaiyyətində həm milli komandanın sabiq hücumçusu, həm də məşqçi kimi tanınır. Futbolçu karyerası ərzində “Qarabağ” klubunun heyətində çıxış edib və Azərbaycan milli yığmasının formasını geyinib.
Patrul.az xəbər verir ki, məşqçilik fəaliyyətində isə müxtəlif klublarda çalışmış, o cümlədən “Şəmkir” klubunun baş məşqçisi olub. Son zamanlarda isə “Hipers” adlı yeni komanda yaradaraq layihəsinə start verib.
Vüqar Nadirovun həyatı yalnız idman uğurları ilə deyil, həm də ailə tarixində mühüm hadisələrlə yadda qalıb. Onun atası, Ərşad Nadirov, Birinci Qarabağ müharibəsində Ağdam batalyonunun komandirlərindən biri olub və döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vüqar bildirib ki, Ağdama dəfələrlə səfər etsələr də, atasının məzarını yalnız sonralar müəyyən edə biliblər. O, bacıları ilə birlikdə Uzundərə ərazisinə gedərək atasının dəfn olunduğu yeri tapdıqlarını qeyd edib. Futbolçu vurğulayıb ki, bu prosesdə atasının iki döyüş yoldaşı böyük rol oynayıb. Ərşad Nadirov öz vəsiyyətinə uyğun olaraq Uzundərə təpəsində dəfn edilib.
Beləliklə, Vüqar Nadirovun həyat yolu həm Azərbaycan futbolunun inkişafı, həm də Qarabağ müharibəsinin ağrılı xatirələri ilə sıx bağlıdır. Onun fəaliyyəti və ailə tarixçəsi ölkənin həm idman, həm də qəhrəmanlıq salnaməsinin bir parçası kimi qiymətləndirilir.
Günay Salayeva






