media-inshot_20260506_171402182

Mayın 17-22-də Bakıda XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) təşkil olunacaq. Azərbaycan hökuməti ilə birgə keçirilən forum qlobal urbanizasiya sahəsində ən nüfuzlu beynəlxalq tədbirlərdən biri hesab olunur. Tədbirin əsas hissəsi Bakı Olimpiya Stadionunda baş tutacaq. Forumun builki devizi “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” kimi müəyyən edilib.

Forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, şəhər rəhbərləri, urbanizasiya üzrə ekspertlər, memarlar və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla minlərlə iştirakçının qatılması gözlənilir.

Qeyd edək ki, builki forum çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti formatı da tətbiq olunacaq. 

Bəs, bu forumun Azərbaycana beynəlxalq nüfuz, urbanizasiya siyasəti və investisiya imkanları baxımından hansı töhfələri verəcək?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu barədə Patrul.az-la öz fikirlərini bölüşüb.

Deputat bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma və memarlıq sahəsində nüfuzunu artıraraq 2026-nın “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə zəmin yaradıb:

“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisidir.

Məhz bu amil, eləcə də Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşması, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğu 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bazis rolunu oynadı”.

B. Məhərrəmov qeyd edir ki, dayanıqlı şəhərlər və icmalar məqsədi şəhərlərin təhlükəsiz, ekoloji dayanıqlı və əlçatan inkişafını təmin etməklə gələcək nəsillər üçün sağlam yaşayış mühiti yaratmağı hədəfləyir:

“Məlumdur ki, dayanıqlı şəhərlər və icmalar BMT-nin Azərbaycanda şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə nail olmaq istiqamətində səyləri əhatələyən Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Bu məqsəd, eyni zamanda gələcək nəsillərin ehtiyaclarını nəzərə alaraq və hər kəs üçün əlçatan, səmərəli və ekoloji cəhətdən sağlam yaşayış mühiti yaradılmasını nəzərdə tutur”.

media-inshot_20260506_165417233

Deputatın sözlərinə görə,  işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və “Böyük Qayıdış” prosesi Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci məqsədin reallaşdırılmasına mühüm töhfə verir:

“Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atılan addımlar, heç şübhəsiz ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi hesab edilən amillərin, o cümlədən 11-ci məqsədin realizəsi istiqamətində ən uğurlu praktik addım sayıla bilər. Üstəlik, nəzərə alsaq ki, Azərbaycanın Böyük Qayıdışı realizə etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazicə dünyanın 70 ölkəsindən daha böyük sahəni əhatələyir və bu bölgənin dövlət proqramlarına müvafiq olaraq yaşıl enerji zonası elan edilməsi, üstəlik qısa müddət ərzində 100-dən artıq yaşayış məntəqəsində, o cümlədən 12 şəhərdə planlaşdırma sənədlərinin hazırlanaraq quruculuq istiqamətində real addımların atılması, əlbəttə, Azərbaycanın istər şəhərsalma təcrübəsinin, istərsə də BMT-nin 11-ci dayanıqlı inkişaf məqsədinin hədəfə çatımlığı baxımdan müstəsna nümunə hesab edilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər