"Xamenei etirazların güclənəcəyi təqdirdə Moskvaya qaçmağı planlaşdırır" - KİV
“İranda etirazlar güclənərsə, Xameneyi Tehranı tərk edərək Rusiyaya qaçmağa planlaşdırır”.
Patrul.az xəbər verir ki, bu barədə məlumatı “Sunday Times” qəzeti yazıb.
Qəzetdə bildirilib ki, İranın Ali Lideri Ayətullah Əli Xameneyi etirazların nəzarətdən çıxacağı təqdirdə Tehranı tərk edərək Rusiyaya qaçmaq üçün ehtiyat plan hazırlayıb.
The Times nəşrinin əldə etdiyi sənədlərə əsasən, təhlükəsizlik qüvvələrinin etirazçıların artan narazılığını cilovlaya bilməyəcəyi halda, Xameneyi ölkədən çıxmaq variantını nəzərdən keçirir. Qəzet bildirir ki, orduda və polis qüvvələrində fərarilik və ya itaətsizlik halları genişlənərsə, bu plan dərhal işə salına bilər.
Məlumata görə, 86 yaşlı Ali lider 20 nəfərə qədər ailə üzvü və yaxın köməkçisi ilə birlikdə Tehrandan çıxmağı planlaşdırır. Sözdə “B planı” Xameneyinin oğlu və mümkün varisi kimi göstərilən Müctəba Xameneyi, eləcə də ən yaxın müttəfiqlərinin də ölkədən çıxarılmasını əhatə edir.
Hesabatda qeyd olunur ki, qaçış marşrutları əvvəlcədən müəyyən edilib, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak, nağd vəsait və digər aktivlər hazır vəziyyətə gətirilib.
Qəzetin yazdığına görə, iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xameneyinin həm fiziki, həm də psixoloji vəziyyəti zəifləyib.
İran rejimindən qaçmış İsrail kəşfiyyatının veteranı Beni Sabti isə “The Times”a bildirib ki, Xameneyinin əsas sığınacaq seçimi Moskva ola bilər. Onun sözlərinə görə, Xameneyi üçün təhlükəsiz sığınacaq tapıla biləcək alternativ məkan faktiki olaraq yoxdur.
Xatırladaq ki, İranda son bir həftə ərzində dərinləşən iqtisadi çətinliklər ölkə miqyasında etirazlara səbəb olub. Aksiyalar Qum şəhəri də daxil olmaqla, bütün iri şəhərlərə yayılıb.
Qeyd edək ki, Moskva uzun müddətdir devrilmiş avtoritar liderlər üçün sığınacaq rolunu oynayır. Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd də hakimiyyətdən devrildikdən sonra Rusiyaya qaçdı.






