media-inshot_20260109_145155283

İranda baş verən etirazlarla bağlı ali dini lider Ayəttüllah Əli Xamenei xalqa müraciət edib.

Patrul.az İran mediasına istinadən xəbər verir ki, Xamenei açıqlamasında İslam Respublikasının etirazlar və xarici təsirlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

Ali dini lider bildirib ki, İran İslam Respublikası böyük itkilər bahasına qurulub və təzyiqlər qarşısında mövqeyindən dönməyəcək:

“Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə nəcib insanın qanı ilə hakimiyyətə gəlib. Bu sistem dağıdıcı qüvvələrin qarşısında geri çəkilməyəcək”, deyə o, bildirib.

Xamenei ölkə daxilində xarici qüvvələrlə əməkdaşlıq edən şəxsləri də sərt tənqid edib. Onun sözlərinə görə, xarici maraqlara xidmət edənlər xalq tərəfindən qəbul olunmur:

“Bütün iranlıları birliyi qorumağa çağırıram. Xarici agentlərlə əməkdaşlıq edən şəxslərə qarşı dözümlü olmayacağıq”.

Ali dini lider ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarına da münasibət bildirib. O, Trampın İran hakimiyyətinin devrilməsi ilə bağlı təhdidlərinə cavab olaraq bildirib ki, tarix lovğalı və təkəbbürlü liderlərin aqibətini dəfələrlə göstərib:

“Təkəbbür və lovğalıqla dünyaya hökm etməyə çalışanlar bilməlidir ki, Firon, Nəmrud, Rza xan, Məhəmməd Rza kimi despotlar güclərinin zirvəsində olduqları vaxt süquta uğrayıblar. O da devriləcək,” – deyə Xamenei Trampa işarə edib.

Xamenei həmçinin 2025-ci il iyunun 13-dən 24-dək davam edən və 12 gün sürən İran–İsrail qarşıdurmasına görə ABŞ-ni ittiham edib:

“ABŞ-nin əlləri İrana qarşı aparılan 12 günlük müharibədə minlərlə iranlının qanına batıb”.

Sonda ali dini lider Trampı öz ölkəsindəki problemlərlə məşğul olmağa çağırıb:

“Öz ölkəsində dövlət əmlakını dağıdaraq ABŞ prezidentini razı salmaq istəyən iğtişaşçılar var. Qoy Tramp öz ölkəsindəki problemlərlə məşğul olsun”, – əlavə edib.

Qeyd edək ki, İranda dekabrın sonlarından başlayan etirazlar əsasən iqtisadi səbəblərlə yanaşı, mövcud siyasi sistemə və Xamenei rəhbərliyinə qarşı narazılıqlar fonunda davam edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlarla bağlı açıqlamasında etirazçıların silahsız olduqlarını və ölkələrində dəyişiklik istədiklərini bildirmiş, hakimiyyətin zorakılıq tətbiq edəcəyi təqdirdə ABŞ-nin sərt reaksiya verəcəyini vurğulamışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər