Xəbər saytlarının reytinqini ölçən sistemlər nə dərəcə obyektivdir? - Ekspert açıqladı
Son illərdə onlayn media sektorunda rəqabət sürətlə artdığı üçün xəbər saytlarının izlənməsi və qiymətləndirilməsi daha çox diqqət çəkir. Oxucu davranışı, klik sayı və sayt trafiki kimi göstəricilər üzərində qurulan reytinq sistemləri media orqanları üçün həm nüfuz, həm də gəlir baxımından mühüm amilə çevrilib.
Bəs xəbər saytlarının reytinqini ölçən bu sistemlər nə dərəcə obyektivdir?
Bu barədə Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu Patrul.az-a açıqlamasında bildirib ki, 2000-ci illərdə xəbər saytları arasında reytinq uğrunda süni rəqabət geniş yayılmışdı:
“Azərbaycanda internet jurnalistikası, xəbər saytlarının yaranması 2000-ci illərin əvvəllərinə təsadüf edir. Bu dövrdə qəzet bazarının tədricən daralması, saytların informasiya mühitinə ciddi təsir etməsi prosesi sürətlənib. Gündə bir yeni sayt yaranırdı. Təbii olaraq saytların reytinqinin ölçülməsi, oxucu auditoriyasının nə dərəcədə geniş olması məsələsi gündəmə gəlmişdi. Saytlar sanki bir yarışa çıxmışdılar, hansını açırdınsa, ön səhifənin aşağı hissəsində 4-5 reytinq ölçən sistemin işarəsini görmək olurdu. Bu işarəyə tıklamaqla, gündəlik, həftəlik və ya aylıq oxucu sayını bilmək olurdu. Sayt rəhbərləri də mümkün yollarla bu göstəriciləri artırmağa çalışırdılar.
İnternetdə istifadəçi sayını süni yolla artıran xüsusi saytlar da yaranmışdı. Hər bir xəbərin daxilində olan sayğaclar da reytinqdən xəbər verirdi. Bəzən fırıldaq sxemlərdən yararlanan saytlarda hansısa xəbərin baxış sayı 1-2 saata 10 minlərlə ölçülürdü. Bir sözlə, yüksək reytinqi təmin etmək üçün hər yola əl atılırdı. Bu, əlavə gəlir əldə etmək üçün çox əhəmiyyətli idi”.

Ekspertin sözlərinə görə, bu gün təkmilləşmiş alqoritmlər və dəqiq ölçü vasitələri sayəsində saytların reytinqini manipulyasiya etmək mümkün deyil:
“Zaman ötdü, reytinq sistemləri təkmilləşdi, onlayn reklamın fəlsəfəsi də dəyişdi. Axtarış sistemləri, sosial media bu gün daha dəqiq alqoritmlərlə çalışmağa başladılar. Heç kəs pulunu boş-boşuna xərcləmək istəmir. Reklam mütləq maraqlı auditoriyaya çatmalıdır. Bu gün saytın reytinqli olması heç də reklam qazanmağa kömək etmir. Reklam verən şirkət daha çox axtarış sistemi və sosial şəbəkə ilə bircə çalışır. Bir yerdə hansısa xidmətlə maraqlanırsansa, o dəqiqə digər platformalarda da qarşına eyni məlumat çıxır, saytdan sayta keçirsən, yenə də həmin məhsul barədə informasiya ilə rastlaşırsan.
Bu səbəbdən artıq Azərbaycan saytlarında oxucu sayını hesablayan qeyri-dəqiq sayğaclara rast gəlinmir. Hər bir reklam şirkəti, əməkdaşlığa can atan firmalar reytinqi dəqiq hesablayan sistemlərin məlumatını istəyirlər. Sayt da bu məlumatı təqdim edir. Ölkədə daha çox “Google Analytics” xidmətindən istifadə edilir. Yeri gələndə elə reklamı da bu servis özü sayta yerləşdirir. Yəni materialın mövzusuna uyğun reklam peyda olur. Hər hansı bir saytın reytinqini kənardan ölçə bilən proqramlar da az deyil, amma daha dəqiq məlumatı hər halda saytda çalışanlar bilir. “Hər xəbərə nə qədər giriş olub”, “material rezonans doğurub ya yox” kimi suallara doğru cavab almaq da əhəmiyyətlidir. Alternativ variantlar də az deyil. “Yandex.Metrica”, “Yahoo Keyword Checker” kimi ölçü sistemləri var.
Bu gün reytinqi dəqiq təyin etmək xeyli asanlaşıb, hansısa fırıldaq sxemlərdən, yalan məlumatdan yararlanan saytlar adətən axtarış sistemində aşağı mövqedə yer alırlar. Alqoritmi aldatmaq demək olar mümkünsüzdür. Üstəlik, süni intellekt dövründə yaşayırıq, imkanları kifayət qədər yüksək olan proqramlar yaradılıb. Sponsora, reklam verən tərəfə yalan satmaq çətinləşib. Oxucunu aldatmaq olur, sistemi isə yox”.
Cəmilə Cəfərzadə






