"Xəstə insanlar ayaqüstə qalır" - Bilgəh xəstəxanasındakı uzun növbələr narazılıq yaratdı
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərindən gileylənirlər.
Patrul.az ATV-yə istinadən xəbər verir ki, səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağı gözləyirlər.
Vətəndaşların sözlərinə görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər saatlarla ayaqüstə qalırlar: “Növbə sistemi yoxdur, həkimlərin sayı azdır, saat 9-dan gəlmişik və 2-in yarısıdır, hələ də növbə gözləyirik. Soruşanda da təkcə bu sözü eşidirik: Növbənizi gözləyin”.
Vətəndaşlardan biri qeyd edib ki, Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri ilə əlaqədar bəzi şöbələr müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülüb. Bu səbəbdən burada sıxlıq daha da artıb. Üstəlik, müxtəlif rayonlardan da üz tutanlar var.
Şikayətlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) belə cavab verilib: “Respublika Klinik Xəstəxanasının inzibati binasında əsaslı təmir işləri aparıldığı üçün tibb müəssisəsinin 6 terapevtik şöbəsi müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülüb. Bilgəh korpusuna müraciət edənlərin əksəriyyətini əlilliklə bağlı ilkin və təkrar müayinəyə gələn nevrolaji profilli pasiyentlər təşkil edir. Bu səbəbdən müraciət edən şəxslər arasında əlilliyi olan şəxslərin sayı kifayət qədər çoxdur.
Xəstəxanada qəbul prosesi mövcud qaydalara uyğun növbə ardıcıllığı əsasında həyata keçirilir. Növbədənkənar qəbul isə yalnız qanunvericiliklə müəyyən edilmiş imtiyazlı kateqoriyalara şamil olunur. Bəzi günlərdə müraciət sayının çoxalması gözləmə müddətinin artmasına səbəb ola bilər. Bununla belə, pasiyentlərin qəbulunun operativ təşkili üçün zəruri tədbirlər görülür”.
Daha ətraflı videomatrealda:






