media-inshot_20260402_171317914

Azərbaycanda xəyanət üstündə cinayət törədənlərin sayı artıb. Bu cür halların baş verməməsi, insanların həmin anda düzgün addım atmaları üçün psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrul.az-a psixoloji tövsiyələrinizi bölüşüb:

“Bu sual son dövrlərdə cəmiyyətdə müşahidə olunan həssas bir tendensiyaya toxunur və yalnız hüquqi deyil, eyni zamanda dərin psixoloji əsaslara söykənir. Çünki, xəyanət zəminində baş verən cinayətlərin artması adətən tək bir səbəblə izah olunmur; bu, fərdi psixoloji xüsusiyyətlərin, emosional tənzimləmə bacarıqlarının zəifliyinin, sosial təsirlərin və münasibət mədəniyyətinin səviyyəsinin birgə nəticəsidir. İlk növbədə qeyd etmək lazımdır ki, xəyanət faktı insanın psixikasında çox güclü emosional reaksiya yaradır. Bu, yalnız inciklik və ya məyusluq deyil, eyni zamanda özünə hörmətin zədələnməsi, dəyərsizlik hissi, qəzəb və nəzarəti itirmə qorxusu ilə müşayiət olunur”.

Həmsöhbətimiz bildirib ki, belə vəziyyətdə bəzi insanlar emosiyalarını rasional şəkildə idarə edə bilmədikləri üçün impulsiv davranışlara meyil göstərirlər:

“Xüsusilə emosional intellekti zəif inkişaf etmiş, aqressiyanı tənzimləmə bacarığı aşağı olan şəxslərdə risk daha yüksək olur.

Digər mühüm məqam münasibətlərdə psixoloji hazırlığın və kommunikasiya mədəniyyətinin yetərli olmamasıdır. Bir çox hallarda tərəflər arasında açıq dialoq qurulmur, problemlər yığılır və nəticədə partlayış nöqtəsinə çatır. İnsanlar emosional ağrını ifadə etməyi, qəbul etməyi və sağlam şəkildə həll etməyi öyrənmədikdə, bu ağrı destruktiv davranışlara çevrilə bilər. Eyni zamanda cəmiyyət daxilində kişi-qadın rolları, qısqanclıq anlayışı və “namus” kimi stereotiplər də bu prosesə təsir edir. Bəzi insanlar üçün xəyanət yalnız şəxsi münasibətin pozulması deyil, eyni zamanda sosial statusa zərbə kimi qəbul olunur. Bu isə emosional reaksiyanı daha da kəskinləşdirir və davranışın nəzarətdən çıxmasına səbəb ola bilər”.

media-inshot_20260402_170918919

Psixoloqun fikrincə, belə halların qarşısının alınması üçün psixoloji yanaşma çox vacibdir:

“İlk olaraq, insanlar emosiyalarını tanımağı və idarə etməyi öyrənməlidirlər. Qəzəb və impuls anında verilən qərarların geri dönüşü olmur və bu səbəbdən həmin anda məsafə saxlamaq, mühiti tərk etmək, qərar verməyi gecikdirmək həyati əhəmiyyət daşıyır. Emosional vəziyyət stabilləşdikdən sonra düşünülmüş qərar vermək mümkündür. Digər tərəfdən, münasibətlərdə açıq və sağlam ünsiyyət qurmaq əsas şərtlərdən biridir. Problemlər vaxtında müzakirə edilmədikdə, onlar yığılıb daha böyük psixoloji gərginlik yaradır. İnsanlar öz hisslərini ittiham etmədən, konstruktiv şəkildə ifadə etməyi öyrənməlidirlər.

Psixoloji maarifləndirmə də burada mühüm rol oynayır. Cəmiyyətə izah olunmalıdır ki, xəyanət kimi ağır emosional travmalar belə zorakılığa və ya cinayətə haqq qazandırmır. Əksinə, belə vəziyyətlərdə psixoloqa müraciət etmək, dəstək almaq və vəziyyəti sağlam şəkildə həll etmək daha doğru və təhlükəsiz yoldur. Ona görə də bu cür halların artması yalnız fərdi problem deyil, həm də cəmiyyətin psixoloji sağlamlıq səviyyəsinin göstəricisidir. Bu istiqamətdə həm fərdi səviyyədə emosional bacarıqların inkişafı, həm də ictimai səviyyədə maarifləndirmə və dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir”.

Ləman Sərraf


Bənzər xəbərlər