Xəzərdən gələn üfunət iyinin qarşısı niyə alınmır? - Ekoloq ŞƏRHİ
Son günlər Xəzər dənizi ətrafında hiss olunan pis qoxu və antisanitar vəziyyət sakinlər arasında narahatlıq yaradıb. Məsələ artıq ictimai müzakirələrin də əsas mövzularından birinə çevrilib.
Bəs Xəzər dənizində yaranan bu vəziyyətin və pis qoxunun qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?
Bu barədə ekoloq Sadiq Həsənov Patrulaz.az-a açıqlamasında bildirib ki, Hövsanda stansiya işləmədiyindən çirkab sular Xəzərə axıdılıb və indi səviyyə azalınca maddələr üzə çıxıb:
“Xəzər dənizində pis qoxunun əsas səbəbi odur ki, uzun müddət Bakı, Sumqayıt və Xəzər ətrafındakı digər şəhərlərin bütün kanalizasiya suları demək olar ki, ora axıdılıb. Bakı şəhərində isə mərkəzləşmiş kanalizasiya sistemi mövcuddur. Hövsanda tikilən ayırıcı stansiya müəyyən müddətlərdə işləmədiyinə görə həmin çirkab sular birbaşa Xəzər dənizinə axıdılıb. İndi Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi nəticəsində həmin çirkablar bir neçə hissədən ibarətdir. Orada yüngül maddələr, üzvi və qeyri-üzvi maddələr mövcuddur. Bu maddələrin ağır hissələri – qeyri-üzvi metallar və digər tullantılar dənizin dibinə çökür. Məsələn, neft axarsa, onun ağır hissələri, yəni mazut dibə çökür, yüngül hissələri isə günəşin təsiri ilə parçalanır və Xəzərin sularında həll olmuş vəziyyətdə qalır. Bütün bunlar müəyyən dövrdə Xəzərin dibinə çökdüyünə görə, məsələn, Hövsan, Zirə, Bakı şəhərinin özü və Sumqayıt kimi ərazilərdə çox güclü iy-qoxu əmələ gəlir. Çünki həmin çirkabların üst qatı açıldıqca günəşin təsiri ilə parçalanma prosesi baş verir. Bildiyimiz kimi, üzvi maddələr sürətlə parçalanır və müxtəlif kimyəvi reaksiyalar nəticəsində kəskin qoxu yaranır. Bu da ətrafa xoş təsir bağışlamır”.
S.Həsənov bildirib ki, mövcud vəziyyətin tam qarşısını almaq mümkün olmasa da, hökumət bu istiqamətdə müəyyən tədbirlər görür:
“Bunun qarşısını almaq mümkündürmü? Tam şəkildə yox. Zamanla və uzun müddət ərzində təbiət həmin çirkab hissələri özündə həll edə bilər. Bunun üçün hökumət tərəfindən müəyyən tədbirlər görülür – çirkabların üstünün örtülməsi, bəzilərinin başqa yerə daşınması kimi. Məsələn, 1990-cı illərdə Azərbaycanda 30 min hektardan çox quru ərazi neftlə çirklənmişdi. Müstəqillik dövründə bu ərazilərin bir hissəsi təmizləndi, çoxunun üstü örtüldü, az bir hissə isə hələ də qalmaqdadır. Bu, çox çətin və uzunmüddətli prosesdir, həm vaxt, həm də vəsait tələb edir.
Ümid edək ki, gələcəkdə Xəzərə axıtmalar tamamilə dayandırılacaq. Birinci növbədə çirklənmənin mənbəyi aradan qaldırılmalı, ikinci mərhələdə isə lütrizasiyaya (təmizləmə) işləri həyata keçirilməlidir. Bununla bağlı işlər artıq gedir. Respublika Prezidentinin sərəncamı ilə Xəzər sularının texniki su kimi istifadə olunması üçün müəyyən tədbirlər görülür və layihələr icra olunur. Ümid edək ki, gələcəkdə bu nöqsanlar tam aradan qalxacaq”.
Cəmilə Cəfərzadə






