“Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı olan beynəlxalq cinayət idi” - ŞƏRH
“Xocalı faciəsindən artıq 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq mühasirədə olan Xocalının dinc əhalisinin üzərinə hərbi texnika yürütdü və dinc əhaliyə qarşı görülməmiş qətliamlar törətdilər. Bu təkcə Azərbaycana qarşı törədilmiş bir cinayət deyildi, həm də bütün bəşəriyyətə qarşı olan beynəlxalq cinayət idi. Bu faciəyə görə, BMT-nin bir sıra qətnamələri qəbul olunmuşdur və Azərbaycan faciənin bütün beynəlxalq arenalarda tanınması üçün əlindən gələni etmişdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
O bildirib ki, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqrımı kimi elan olundu: “Ümummilli Lider Heydər Əliyev Xocalı Soyqrımı haqqında bir sıra dəyərli fikirlər bildirmiş, Xocalı faciəsinin bütün dünya ictimaiyyətinə çatdırılmasının Xocalı şəhidlərinin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcu olduğunu bildirib. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində mühüm işlər görülüb. Cənab Prezident İlham Əliyevin göstərişi ilə 2017-ci ildə ümumxalq yürüşü olmuşdur.
2020-ci ildə ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın müzəffər ordusu cənab Prezident İlham Əliyevin başçılığı ilə torpaqlarımız işğaldan azad edilmişdir. 2023-cü ildə isə lokal anti-terror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərədə də üçrəngli dövlət bayrağımız ucaldılmışdır. Bu gün ölkə başçısı İlham Əliyevin başçılığı ilə Xocalıda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda soydaşlarımız artıq öz doğma yurd-yuvalarına geri qayıdırlar”.