"Xocalı soyqırımının digər faciələrdən fərqi qətlə yetirilən dinc insanların cansız bədənlərinin təhqiredici hərəkətlərə məruz qalmasıdır" - Azər Badamov
“Xocalı soyqırımı bəşər tarixinin ən ürəyi parçalayan ağır gündür. Çünki, tarixdə dünyanın ayrı-ayrı ölkələrində soyqırımlar çox olmuşdur. Amma Xocalı soyqırımı digərlərindən tamamilə fərqlənir. Digər ölkələrdə baş vermiş soyqırımlarda ancaq insanları qətlə yetirməklə kifayətləniblər. Xocalıda isə dinc insanlar qətlə yetirildikdən sonra onların cansız bədənləri təhqiredici hərəkətlərə məruz qa lıb. Təbii ki, Xocalı soyqırımı erməni vəhşiliyinin nümunəsidir”.
Bu sözləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Patrul.az-a öz fikrini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bu tarixi faciədən sonra ədalətin bərpa olunduğunu, Xocalı sakinlərinin doğma yurdlarına qayıtdığını vurğulayıb:
“Bu soyqırımı törətməklə ermənilər özlərinin kim olduqlarını dünyaya nümayiş etdirmiş oldular. Xocalı soyqırımını ermənilər təkbaşına etməyiblər. Onların arxasında rusun 366-cı alayı dayanmasaydı heç vaxt belə soyqırım baş verməzdi. Çünki, xocalılar ermənidən özünü qoruya bilirdilər. Amma 366-cı alayın atdığı atəşlər, ermənilərə verdikləri ağır texnikalar bu soyqırımın həyata keçirilməsi üçün ermənilərə böyük fürsət vermiş oldular. Xocalılar 34 il əvvəl öz doğma yurdundan gözü yaşlı canlarına qurtarmağına məcbur olsalar da, tarixi ədalət bərpa olunaraq bu gün gözlərində sevinc yaşları ilə yenidən doğma yurdlarına qayıdırlar”.

Deputat Xocalı şəhidlərinin qisasının alınmasında Ali Baş Komandan İlham Əliyevin və ordumuzun gücünü xatırladıb:
“Həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz Xocalı soyqırımı törədənlərin qisasını döyüş meydanında aldı. Xocalı cəlladları isə məhkəmə qarşısına çıxarılaraq törətdikləri əməllərinə görə cəzalarını alıblar. Təbii ki, bu bir təskinlikdir. Amma Xocalı soyqırımı heç vaxt unudulmayacaq. Biz erməni vəhşilklərini dünyaya tanıtmaqda davam etməliyik. O cümlədən 26 fevral Milli Matəm Günündə xalqımız Ana harayı abidəsinə, şəhidlər xiyabanlarına axın edir, soyqırım qurbanlarının və vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatrirəsini yad edir. Bu gün şəhidlərimizin ruhu artıq rahatlıq tapıb. Allah bütün şəhidlərə rəhmət eləsin!”.
Cəmilə Cəfərzadə






