Xörəyə ölünün adına duz atmağın dini əsası var? – RƏY BİLDİRİLDİ
Xörəyə ölünün adına duz atmaq, adətən, cümə axşamları ölülərin ruhuna hörmət əlaməti olaraq edilir. Bu, onların xatirəsini yad etmək və onlara rəhmət diləmək məqsədi daşıyır. Bəzi inanclara görə, bu hərəkət həm də ölənlərin ruhlarını sevindirir və onlara rahatlıq verir.
Bu adət bir çox azərbaycanlı ailələrində qorunub saxlanılır və yemək bişirərkən ölülərin ruhlarına hörmət əlaməti olaraq edilir.
Məsələn, bir çox insan yemək bişirərkən, xüsusilə də cümə axşamları, qazana ölünün adına duz tökürlər. Bu, onların ailə üzvlərinin və yaxınlarının ruhlarını xatırlamaq və onlara dualar oxumaq üçün bir yoldur.
Bəs ölünün adına xörəyə duz tökmək adəti nə dərəcədə düzgündür? Bunun dini əsası varmı?
Mövzu ilə bağlı Patrulaz.az-a danışan ilahiyyatçı Tural İrfan xatırladıb ki, İslamda ehsan və sədəqə vermək var:
“Lakin ölünün adına duz atmaq deyə bir qayda yoxdur. Bu, bir çox Şərq ölkələrində olan bir adətdir. Niyyət etmək, yəni bişən yeməyi mərhumun ehsanı niyyəti ilə bişirmək mənasındadır. Ancaq dinimiz yaxşı adətləri rədd etmir. Bu adət problemli adət deyil. İslamda əməllər niyyətlərə görə qiymətləndirilir. Neçə adama, hansı adama ehsan üçün nəzərdə tutulursa o şəxslərin adı çəkilir yaxud niyyətdə tutulur və yeməyə duz atarkən xatırladılır. Burada böyük bir qəbahət yoxdur”.
Ləman Sərraf






