media-inshot_20260406_194240382

Qeyri-sabit hava şəraiti və intensiv yağıntılar təkcə gündəlik həyat ritmini deyil, xüsusilə şagirdlərin məktəbə davamiyyətini və təhlükəsizliyini də birbaşa təsir altına alır. Belə vəziyyətlərdə tədrisin fasiləsizliyi ilə yanaşı, uşaqların sağlam və təhlükəsiz şəkildə təhsil müəssisələrinə çatdırılması da aktual məsələ kimi ön plana çıxır. Bu şəraitdə təlim-tədris prosesinin fasiləsiz davam etdirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün hansı əlavə tədbirlər görülməlidir?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraitində tədrisin fasiləsizliyini təmin etmək üçün onlayn dərslər təşkil edilməli və məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir:

“Qeyri-sabit hava şəraiti və intensiv yağıntılar fonunda şagird davamiyyətində qismən azalmanın müşahidə olunması təbii və gözlənilən haldır. Belə vəziyyətlərdə əsas prioritet yalnız tədrisin formal davamlılığını qorumaq deyil, onun təhlükəsiz, çevik və inklüziv şəkildə təşkil edilməsidir.

Bu baxımdan, ənənəvi dərslərlə yanaşı qısa müddətli distant və ya hibrid tədris imkanlarının hazır vəziyyətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Hava şəraitinin kəskin olduğu günlərdə onlayn dərs alternativlərinin aktivləşdirilməsi davamiyyətin azalmasının tədris keyfiyyətinə təsirini minimuma endirə bilər. Paralel olaraq, məktəblərdə təhlükəsizlik tədbirlərinin daha sistemli təşkili vacibdir. Sürüşkən səthlərin aradan qaldırılması, məktəb ərazilərində nəzarətin gücləndirilməsi və xüsusilə kiçik yaşlı şagirdlər üçün əlavə diqqətin təmin olunması risklərin qarşısını almağa xidmət edir”.

P. Qədimova qeyd edir ki, valideyn-məktəb əlaqəsi və kompensasiyaedici tədris şagirdlərin geri qalmamasını təmin edir:

“Eyni zamanda, valideyn-məktəb kommunikasiyasının operativ və effektiv qurulması mühüm rol oynayır. Müasir kommunikasiya vasitələri vasitəsilə valideynlərin vaxtında məlumatlandırılması həm qərarların daha düzgün verilməsinə, həm də şagirdlərin təhlükəsizliyinin təmin olunmasına kömək edir. Bu kimi şəraitdə müəllimlərin pedaqoji və psixoloji baxımdan daha çevik yanaşma sərgiləməsi də önəmlidir. Hava şəraiti ilə bağlı yaranan gərginlik və narahatlıqlar şagirdlərin diqqətinə təsir edə bilər. Müəllimlər dərs prosesində daha anlayışlı yanaşma sərgiləmələri məqsədəuyğundur.. Davamiyyətin aşağı olduğu günlərdə keçirilən mövzular üzrə sonradan kompensasiya mexanizmlərinin tətbiqi, fərdi tapşırıqların verilməsi və ya əlavə dərslərin təşkili hər bir şagirdin tədrisdən geri qalmamasını təmin edər”.

media-inshot_20260406_194313007

Mütəxəssisin fikrincə, məqsəd çevik yanaşma və koordinasiyalı fəaliyyətlə təhlükəsiz və keyfiyyətli tədris mühitinin təmin olunmasıdır:

“Nəticə etibarilə, belə hava şəraitində əsas məqsəd yalnız dərslərin davam etməsi deyil, təhlükəsizliyi və təhsilin keyfiyyətini eyni zamanda qoruyan davamlı bir mühitin təmin olunmasıdır. Bu isə çevik yanaşma, koordinasiyalı fəaliyyət və bütün tərəflərin məsuliyyətli iştirakı ilə mümkün olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər