media-inshot_20250930_223723410

Son günlər Azərbaycanda toy mərasiminə dəvətnamə göndərildiyi kimi, yas mərasiminə də iştirak üçün dəvətnamələr verilməsi yayılıb.

Maraqlıdır ki, bu dini baxımdan nə dərəcədə düzgündür?

Bu barədə ilahiyyatçı Fazil Əhmədli Patrulaz.az-a açıqlamasında bildirib ki, İlk günkü dəfn üçün dərhal dəvətnamə göndərilmir. 3 mərasimində də həmçinin adətən yaxınlar və iştirak etməyənlər gəlir:

“Ümumiyyətlə, bunu bilmək lazımdır: yas mərasimində, tutaq ki, bir nəfər dünyasını dəyişibsə, onun ilk günündə dəfn olunana qədər heç bir dəvətnamə göndərilmir. Sadəcə yaxın insanlar, tanıyan və boynunda haqq olduğunu düşünən şəxslər gedib iştirak edirlər.

İslami baxımdan, insanı tanıyıb-tanımamasından asılı olmayaraq cənazəni aparıb dəfn etmək böyük savab sayılır. Bu, müxtəlif günahların silinməsi ilə nəticələnir. Qul haqqı olmasa da, bəzi günahlar yalnız Allah ilə insan arasında olur və onların silinməsinə səbəb ola bilər. Deməli, cenazənin dəfnində iştirak etmək çox savabdır.

Eyni zamanda, bunu bilmək lazımdır ki, rəhmətə gedən şəxsin yaşadığı ərazidəki insanlara onu dəfn etmək vacib sayılır, namaz kimi vacibdir. Bəzi əməliyyatlar “vacib-i kifayə” sayılır. Hər kəsə vacibdir ki, aparıb həmin müsəlmanı dəfn etsin. Amma əgər 5–10 nəfər bir yerə yığışıb bunu edirsə, digər insanların üzərindən bu vacib məsuliyyət götürülür. Namaz, oruc, həcc bunlar “vacib-i ayn” sayılır. Yəni hamiya eyni vacibdir. Biri edəndə digərinin boynundan götürülmür. Eyni prinsiplə, cenazədə iştirak etmək də vacibdir: onun yuyulması və kəfənlənməsi, onu tanıyan hər kəs üçün vacibdir. Əgər heç kəs etməsə, hamı günahkar sayılır. Amma 5–10 nəfər yığışıb bunu edirsə, qalanların üzərindən vacib məsuliyyət götürülür.

İlk günkü dəfn üçün dərhal dəvətnamə göndərilmir. 3 mərasimində də mən son günlərdə həm iştirakçı, həm də ilahiyyatçı kimi olmuşam, dəvətnamə görməmişəm. Çünki 3 mərasimində ən yaxınlar və ya dəfndə iştirak etməyənlər gəlir. Amma 40 mərasimi üçün dəvətnamədən istifadə olunur. Niyə? Çünki 40 mərasimində adətən camaat arasında yayılıb, 40-a çağırırlar. Ona görə də, 40-a çağırılmış insanlar gedir və bu çağırış dəvətnamə formasına salınır. Hal-hazırda bu yeni bir məsələdir, amma dinin mahiyyətini aradan aparmadığı üçün haram sayılmır. Yəni, dini yenilik sayılmır. Bu, yalnız insanların bir yerə toplanması üçün vasitədir və İslam şəriətində haram sayılmır”.

 

F.Əhmədli bildirib ki, yas mərasimlərinə dəvətnamə göndərilməsi indiyədək tətbiq olunmadığı üçün insanlar bunu yenilik kimi qəbul etmirlər. Lakin zaman keçdikcə bu ənənəyə öyrəşəcəklər.

Onun sözlərinə görə, artıq 40 mərasimlərinə dəvətlər həm dəvətnamə, həm də internet vasitəsilə həyata keçiriləcək. F.Əhmədli əlavə edib ki, İslam dini işləri asanlaşdıran, dinin mahiyyətinə toxunmayan yeniliklərə mənfi yanaşmır:

“İndiyə qədər olmayıb deyə, insanlar buna bir qədər yenilik kimi yanaşa bilərlər, amma get-gedə bu öyrəniləcək. Artıq 40 mərasiminə çağırış dəvətnamələr və internet vasitələri ilə olacaq, elə ki toy mərasimlərində olduğu kimi. Bu get-gedə insanlar arasında adaptasiya olunacaq. Ona görə demək istəyirəm ki, əsasən bu 40 mərasimi ilə bağlıdır və şəriətdə haram sayılmır.

Məsələn, bəzi qəbrlərin üzərinə QR kod qoyurlar ki, kim istəsə girib onun həyat hekayəsini, şəkillərini görsün – bu haram sayılmır. Düzdür, bəzi məsələlər israf sayılır. Məsələn, qəbir daşlarının xüsusi bahalı daşlardan qoyulması, dəbdəbəli şəkillər – həmin pul başqa yerdə xərclənsə, daha çox xeyri olar. İsraf sayılan şeylər haramdır. Amma burada israf yoxdur, işi asanlaşdırmaq məqsədi daşıyır. Gedib bir-bir tapıb dəvətnamə verməkdənsə, elektron şəkildə dəvət edirlər. İslam insanların işlərini asanlaşdıran, amma dinin mahiyyətinə toxunmayan işlərə mənfi yanaşmır. Ona görə bu problem sayılmır, dini baxımdan heç bir qadağası və haramı yoxdur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər