Yasamal rayonunda mağaza qarşısında qalmaqal: vətəndaşlara park qadağası
Paytaxtın Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi küçəsi üzərində yerləşən “Ucuz Store” şəbəkəsinə məxsus mağazanın qarşısında yaranan vəziyyət vətəndaşların narazılığına səbəb olub. İddialara görə, mağaza əməkdaşları obyektin qarşısına dibçəklər düzərək həmin hissəni faktiki olaraq parklanma üçün “bağlayır” və ərazini yalnız özləri üçün istifadə edirlər.
Patrul.az-a şikayət edən sakinlər bildirir ki, ərazi ümumi istifadədə olan yol hissəsidir və hər hansı fiziki maneə ilə bağlanması qanunvericiliyə uyğun deyil. Buna baxmayaraq, mağaza işçiləri digər sürücülərə burada avtomobil saxlamağa icazə vermir, yaxınlaşanlara isə “mal boşaldılır” və ya “rəhbərlik qadağa qoyub” kimi arqumentlər səsləndirirlər. Eyni zamanda, həmin sahədə mağaza əməkdaşlarının və rəhbərliyinin avtomobillərinin saxlanıldığı qeyd olunur.
Sakinlər hesab edir ki, bu cür hallar ictimailəşdirilməli və müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Çünki şəhər daxilində parklanma problemi onsuz da aktualdır və belə qeyri-qanuni addımlar vəziyyəti daha da çətinləşdirir.







