Yasamalda binanın təməli qanunsuz şəkildə sökülüb - Sakinlər həyəcan içindədir - VİDEO
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 ünvanında yerləşən (keçmiş “Şampan zavodu”nun binası) 9 mərtəbəli yaşayış binasında təhlükəli vəziyyət yaranıb.
Patrulaz.az-a daxil olan məlumata görə, kimliyi bəlli olmayan bir neçə nəfər fəhlə qüvvəsi binanın zirzəmisinə daxil olaraq qanunsuz şəkildə söküntü işləri aparıblar. Ən dəhşətlisi isə budur ki, həmin şəxslər binanın təməlini təşkil edən beton layları bir neçə yerdən kəsərək çıxarıblar.
Hadisədən xəbər tutan sakinlər dərhal müdaxilə edərək, təhlükəli fəaliyyəti dayandırmağa nail olublar. Lakin aparılmış söküntü nəticəsində binanın dayanıqlığına ciddi zərər vurulduğu ehtimal olunur. Yəni təhlükə hələ də sovuşmayıb.
Sakinlər məsələ ilə bağlı ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinə (MİS) müraciət etsələr də, onlara bildirilib ki, bu barədə məlumatları yoxdur. Halbuki, gündəlik həyatın ən kiçik təfərrüatına belə reaksiya verən qurumun bu cür genişmiqyaslı və potensial fəlakət doğura biləcək vəziyyətdən xəbərsiz olması böyük sual doğurur.
Bina sakinləri haqlı olaraq sual edir: “Əgər bir nəfər sakin eyvanına əlavə kərpic qoyanda dərhal peyda olan qurumlar, bu qədər böyük və təhlükəli söküntünü necə görməzdən gəlib?”
Məlumat üçün bildirək ki, yaşayış binasının təməlində edilən müdaxilələr istənilən an qəza ilə nəticələnə bilər. Ona görə də sakinlər bu məsələyə Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların müdaxilə etməsini xahiş edirlər.
Patrulaz.az olaraq məsələni diqqətdə saxlayacağıq.