Yasamalda Sovetdən qalma boru küçəni sular içində qoydu - VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 21 ünvanındakı küçədə içməli su borusunun partlaması ətraf ərazini sular altında qalıb.
Patrulaz.az xəbər verir ki, sözügedən boru 1994-95-ci ildən bəri yararsız vəziyyətdədir və illərdir sakinlərin gündəlik hərəkətinə maneə yaradır. Sovet dövründən qalan bu borunun istismar müddəti çoxdan başa çatıb, nəticədə çürüyərək hər dəfə su itkisinə və küçələrin yararsız hala düşməsinə səbəb olur.
Problem üzrə narazı vətəndaş Patrulaz.az-a açıqlamasında bildirib ki, “Azərsu” ASC problemin köklü həllinə deyil, yalnız müvəqqəti tədbirlərə əl atır:
“Hər dəfə su sızanda sadəcə paz vururlar. Ancaq köklü təmir işləri aparılmır”.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət edilsə də, cavabında “material yoxdur” və ya “büdcədə pul ayrılmayıb” kimi bəhanələr irəli sürülüb.
Məlumata görə, bu ilin may ayında məsələ ilə bağlı rəsmi ərizə də təqdim olunub. Bir həftə sonra 30-35 metrlik borunun dəyişdirilməsi üçün layihə hazırlanacağı vəd edilsə də, üzərindən 4 ay keçməsinə baxmayaraq, küçədəki vəziyyət dəyişməyib.
Hazırda sakinlər 90-cı illərdən qalma köhnə və çürümüş borunun tamamilə yenilənməsini xahiş edirlər.

Gülbəniz Səfərova






