media-inshot_20251202_165558072

Növbəti ildən etibarən ölkədə bir sıra qərarlar qüvvəyə minəcək. Vergi dərəcələrinin artırılması, bəzi dövlət rüsumlarının bahalaşması, cərimələrin yüksəldilməsi və bir neçə xidmət üzrə tariflərin yenilənməsi gündəmdədir.

Bu dəyişikliklərin təsirini yumşaltmaq üçün hökumətin pensiya, müavinət və maaş artımları kimi kompensasiya mexanizmləri effektiv olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Patrul.az-a rəy bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunan ilkin layihəsinin təhlili göstərir ki, gələn il hökumət genişmiqyaslı və çoxşaxəli sosial paketlər açıqlamağı planlaşdırmır:

“Yəni, əvvəlki illərlə müqayisədə sosial dəstək proqramlarında əhatəli və böyük artımlar nəzərdə tutulmur.

Bununla belə, bəzi sahələrdə məhdud dəyişikliklər olacaq. 2025-ci ildə təqdim edilən sosial paketlər çərçivəsinə daxil edilməmiş istiqamətlər üzrə müəyyən artımlar planlaşdırılır. Lakin bu artımlar daha çox lokal xarakter daşıyır və əhalinin ümumi sosial rifahına ciddi təsir göstərəcək miqyasda deyil”.

İqtisadçı qeyd edib ki, ən diqqətçəkən məqamlardan biri də minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılmasının 2026-cı il üçün nəzərdə tutulmamasıdır:

“Yalnız yaşayış minimumunda və ehtiyac meyarında artım planlaşdırılır. Bu isə, əsasən ünvanlı sosial yardım alan ailələrin aldıqları dəstəyə təsir göstərəcək. Belə ki, ehtiyac meyarının artırılması sosial yardımın məbləğinin hesablanmasında əsas götürülən baza dəyişəcəyindən, bir qədər yüksək ödəniş imkanı yaranacaq.

Adam başına düşən yaşayış minimumunun 300 manat səviyyəsində müəyyən olunması planlaşdırılır. Bu rəqəmdən aşağı gəliri olan ailələrə çatışmayan hissə sosial yardım vasitəsilə ödəniləcək. Lakin bu artımın inflyasiya və artan yaşayış xərcləri fonunda nə dərəcədə real ehtiyacları qarşılayacağı sual altındadır”.

media-img-20251202-wa0033

R.Həsənov əlavə edib ki, mövcud inflyasiya səviyyəsini və 2026-cı ildə gözlənilən qiymət artımlarını nəzərə aldıqda, əhalinin bütün sosial təbəqələrinin alıcılıq qabiliyyətinin zəifləməsi ehtimalı yüksəkdir:

“Yəni büdcə siyasəti sosial riskləri, xüsusən də yoxsullaşma və gəlir bərabərsizliyi kimi problemləri aradan qaldırmaq və ya yüngülləşdirmək məqsədilə ciddi addımlar nəzərdə tutmur.

Nəticə etibarilə, 2026-cı ilin büdcə layihəsi fiskal baxımdan ehtiyatlı və konservativ yanaşmanı əks etdirir. Lakin bu yanaşma sosial sahədə gözlənilən təzyiqlərin yumşaldılmasına və əhalinin rifahının qorunmasına yetərincə cavab vermir”.

Ləman Sərraf


Bənzər xəbərlər