Yaşlılar fırıldaqçılara qarşı necə qorunmalı? - Ekspertdən vacib tövsiyələr
Son dövrlərdə yaşlı və tənha insanların fırıldaqçılar tərəfindən aldadılması halları artıb. Daxili İşlər Nazirliyi vətəndaşları bu cür hallara qarşı diqqətli olmağa çağırır.
Vətəndaşlar, xüsusən də yaşlılar, bu vəziyyətlərdə nələrə diqqət etməlidir?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, fırıldaqçılar vətəndaşları aldadaraq onların bank və şəxsi məlumatlarını telefon, SMS və şübhəli linklərlə ələ keçirirlər:
“Son dövrlər fırıldaqçılıq hallarında artım müşahidə olunur və xüsusilə yaşlı insanlar bu cür dələduzların əsas hədəfinə çevrilib. Fırıldaqçılar adətən vətəndaşların texnologiya sahəsində məlumat azlığından, eləcə də qorxu və təcili vəziyyət hissindən istifadə edirlər. Özlərini bank əməkdaşı, hüquq-mühafizə orqanı nümayəndəsi və ya digər rəsmi qurumların işçisi kimi təqdim edən şəxslər insanları aldadaraq onların bank kartı məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və şəxsi məlumatlarını ələ keçirirlər. Ən çox rast gəlinən dələduzluq üsulları telefon zəngləri, saxta SMS və mesajlar, eləcə də şübhəli internet linkləri vasitəsilə həyata keçirilir. Vətəndaşlara kartlarının bloklanması, adlarına kredit götürülməsi və ya yaxın qohumlarının problemə düşməsi ilə bağlı yalan məlumatlar verilir və bu yolla onları tələsik qərar verməyə məcbur edirlər. Bu cür hallarda insanlar düşünmədən məlumatlarını paylaşır və nəticədə maddi zərərə məruz qalırlar”.
E. Atayev qeyd edib ki, yaşlıların fırıldaqçılıqdan qorunması üçün ailə üzvləri onlarla mütəmadi söhbətlər aparmalı və üsulları sadə şəkildə izah etməlidirlər:
“Bu cür dələduzluq hallarının qarşısını almaq üçün vətəndaşlar bir sıra vacib məqamlara diqqət etməlidir. İlk növbədə bilinməlidir ki, banklar və dövlət qurumları heç bir halda telefon vasitəsilə bank kartının nömrəsini, CVV kodunu, PIN və ya SMS təsdiq şifrələrini tələb etmir. Naməlum nömrələrdən gələn zəng və mesajlara etibar etmək olmaz, xüsusilə də vətəndaşı tələsdirən və qorxu yaradan hallarda diqqətli olmaq vacibdir. Şübhəli linklərə daxil olmaq, naməlum tətbiqlər yükləmək və şəxsi məlumatları paylaşmaq ciddi risk yaradır. Yaşlı insanların bu cür hallardan qorunmasında ailə üzvlərinin rolu böyükdür. Onlarla mütəmadi olaraq söhbətlər aparılmalı, dələduzluq üsulları sadə və anlaşılan dildə izah edilməlidir. Onlara bildirilməlidir ki, hər hansı şübhəli zəng və ya mesaj aldıqda mütləq yaxınlarına məlumat versinlər və təkbaşına qərar qəbul etməsinlər”.
Ekspertin sözlərinə görə, vətəndaşlar şübhəli hallarda əlaqəni kəsib bank və DİN-ə müraciət etməli, şəxsi məlumatlarını paylaşmamalıdırlar:
“Şübhəli hallarla qarşılaşdıqda vətəndaşlar dərhal əlaqəni kəsməli, bank kartı ilə bağlı risk varsa bankla əlaqə saxlamalı və məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər. Vaxtında görülən tədbirlər həm maddi zərərin, həm də sonrakı problemlərin qarşısını ala bilər. Ümumilikdə, vətəndaşlara tövsiyə olunur ki, soyuqqanlı olsunlar, tələsməsinlər və heç bir halda şəxsi və maliyyə məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar.Unutmaq olmaz ki, bir neçə saniyəlik diqqət və məlumatı yoxlamaq böyük fırıldaqçılığın qarşısını ala bilər”.
Cəmilə Cəfərzadə






