media-inshot_20250725_182741414

2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya-Ukrayna müharibəsi müasir dövrün ən ciddi geosiyasi qarşıdurmalarından biri olaraq hələ də davam edir. Müharibə başlayandan indiyədək, əsasən Rusiya və Ukrayna rəsmiləri arasında dolayısı danışıqlar aparılıb. Lakin münaqişənin iki əsas fiquru olan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski bu müddət ərzində bir araya gətirilə bilməyib.

Artıq 5 ildən çoxdur ki, liderlər üzbəüz görüş keçirmirlər və əsasən vasitəçilər və ya media vasitəsilə bir-birlərinə mesajlar göndərirlər. Onlar arasında son birbaşa görüş 2019-cu il 9 dekabr tarixində Parisdə Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə keçirilmiş Normandiya formatı sammitindən sonra baş tutub.

2022-ci ildən etibarən müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar hər iki lideri bir masa arxasına əyləşdirməyə çalışsalar da, bu cəhdlər uğursuz olub. Lakin son zamanlar baş verən proseslər Putin və Zelenskinin eyni masa arxasında üzbəüz danışıqlara başlaya biləcəyi ehtimalını xeyli gücləndirib.

Maraqlıdır ki, yaxın zamanlarda ehtimal edilən Putin və Zelenskinin üzbəüz görüşü reallaşa bilərmi?

Mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən politoloq Tural İsmayılov Zelenski ilə Putinin görüşünün yalnız müəyyən geosiyasi və diplomatik şərtlər daxilində mümkün ola biləcəyini vurğulayır:

“Zelenski ilə Putinin görüşü, bu gün üçün olduqca mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə real görünmür. Hər iki liderin hazırkı ritorikası və daxili siyasi sifarişləri barışıq deyil, daha çox müqavimət üzərində qurulub. Ukrayna cəmiyyəti bu günə qədər minlərlə şəhid verib və Zelenskinin birbaşa Rusiya lideri ilə görüşə getməsi ciddi ictimai qınaq doğura bilər. Digər tərəfdən, Rusiya üçün də bu cür görüş öz ritorikasına zidd ola bilər, çünki Kremlin mövqeyinə görə Ukrayna “Qərbin alətidir” və Moskva daha çox ABŞ və NATO ilə danışmaq niyyətindədir.

Türkiyə, Çin və Səudiyyə Ərəbistanı kimi vasitəçi roluna iddialı dövlətlər bu görüşü təşviq etsə də, ortada ciddi diplomatik zəmin görünmür. Əslində, Zelenski-Putin görüşü üçün minimum üç əsas şərt olmalıdır: hərbi əməliyyatların dayanması, qarşılıqlı etimadın yaranması və tərəflərin real güzəşt iradəsi. Hazırkı mərhələdə isə bu şərtlərdən heç biri mövcud deyil”.

media-thumb

Politoloqun fikrincə, Ukrayna və Rusiya liderləri arasında görüş iddiaları daha çox ictimai rəyi yönləndirməyə hesablanmış PR kampaniyasının tərkib hissəsidir. Onun qənaətinə görə, tərəflər arasında yaxın zamanlarda real və məhsuldar görüş ehtimalı olduqca zəifdir:

“Bəzi Qərb analitikləri düşünür ki, görüş yalnız üçüncü ölkədə, çox güclü beynəlxalq təminatlar və media təcridi ilə baş tuta bilər. Amma bu halda belə ortada konkret nəticə verməyəcək bir “foto fürsəti”nə çevrilə bilər. Kreml Zelenskinin legitimliyini sual altına alır, Kiyev isə Rusiyanı hərbi cinayətkar kimi təqdim edir.

Maraqlıdır ki, ABŞ və Aİ bu görüşü nə təşviq edir, nə də əngəlləyir – onlar daha çox münaqişənin “uzunmüddətli idarə olunması” modelinə fokuslanıb. Buna görə də istənilən təmas ancaq regional vasitəçilərin təşəbbüsü ilə baş tuta bilər. Yekun olaraq, yaxın perspektivdə Zelenski ilə Putinin görüşü siyasi baxımdan mümkün deyil. Hətta texniki cəhətdən belə bu görüş daha çox ictimai PR və ya təzyiq vasitəsi kimi gündəmə gətirilir. Ukrayna üçün bu, geri addım kimi dəyərləndirilə bilər. Rusiya isə bu görüşlə sülhə hazır imici vermək istəyir, amma reallıqda şərtlər diktə etmək iddiasındadır. Hazırkı konfiqurasiya, səmimi dialoqdan çox, siyasi teatrı xatırladır. Belə olan halda real görüş yox, virtual mövqelər savaşı davam edəcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər