media-inshot_20260202_202816956

Dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon söhbəti zamanı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib.

Bu barədə Patrul.az-a şərh edən siyasi şərhçi Aydın Quliyev bildirib ki, İran ətrafında cərəyan edən proseslərdən Azərbaycan Prezidentinin narahatlığı başa düşülən və təbiidir:

“Bu, ilk növbədə Azərbaycanın İranla münasibətlərdə hər zaman əsas tutduğu beynəlxalq hüquq normalarına, qonşuluq prinsiplərinə sadiqliyindən, ikinci olaraq isə İranın bu gün dünyanın bir sıra dövlətləri ilə yaranmış ciddi problemi və həmin problemin partlayış səviyyəsində təhlükə ilə əlaqədar olmasından irəli gəlir. İranda 20 milyondan artıq azərbaycanlı soydaşlarımız yaşayır. Bu insanların Azərbaycanla tarixi, dini, mədəni və dil baxımından çox sıx əlaqələri var. Dövlət başçısı İlham Əliyev yalnız ölkəmizdə yaşayan 10 milyon deyil, bütün dünya azərbaycanlıların Prezidenti olduğunu açıqca söyləyib”.

A.Quliyev Azərbaycanın İranın ətrafında yaranmış problemin diplomatik və dinc şəkildə həllinin tərəfdarı olduğunu vurğulayıb:

“2005–2006-cı illərdən İranın nüvə proqramı ətrafında gərginlik başladıqdan indiyədək dövlətimiz bu siyasətə sadiqdir. Eyni zamanda, Azərbaycan İranın nüvə hüququ ilə bağlı yaranmış gərginliyin hərbi yolla aradan qaldırılmasına qarşı öz səsini hər zaman duyurub.

Dövlətimiz bir neçə platformada da İranla Qərbin arasında vasitəçilik etməyə meyilli olduğunu belə ifadə edib. Bu mənada Azərbaycanın İranla bağlı yaranmış durumun həllində az da olsa, rolu ola bilər. Təki Qərb ölkələri və ABŞ Azərbaycanın bu məsələdə oynaya biləcəyi pozitiv rola ciddi və etimadlı yanaşsın. Bu işdə Azərbaycanı kiçik bir ölkə hesab etmək düzgün deyil. Azərbaycanın həm Qərb dövlətləri, həm də İranla münasibətləri normal səviyyədədir”.media-img-20260202-wa0053-1

Həmsöhbətimizin fikrincə, son telefon danışığında Prezident İlham Əliyevin İranı Azərbaycana qardaş ölkə, mehriban qonşu adlandırması təsadüfi deyil:

“Bu o deməkdir ki, Azərbaycan həqiqətən İranla Qərb arasında vasitəçilik etmək potensialına malikdir. Əlbəttə ki, dövlətimizin bu məsələdə vasitəçi roluna nə dərəcədə ehtiyac olacağını zaman göstərəcək. Amma bugünkü gündə Azərbaycan həm xoş niyyətini göstərir, həm də İran probleminin dinc yolla həlli yönümündə qətiyyətli iradəsini açıq şəkildə ortaya qoyur. Bütün bunlar onu deməyə əsas verir ki, əgər regionda müharibə riskinin qarşısını almaq mümkün olacaqsa, burada Azərbaycanın da rolunun olacağına heç kim şübhə etməməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər