Yaxtaya hücum edən balinaları sirkə suyu ilə uzaqlaşdırdılar – VİDEO
Portuqaliya sahillərində qatil balinaların hücumu nəticəsində turist gəmisi batıb, bir yaxta isə idarəetməni itirib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, “Oceanview” adlı turistik gəmi hücum zamanı ağır ziyan alaraq qısa müddətdə batıb. Daha sonra gəmidə olan 5 nəfər təyyarə vasitəsilə xilas edilib.
Eyni vaxtda Norveçə məxsus “Nova Vida” yaxtası da balinaların hədəfinə çevrilib. Hücum nəticəsində sükan dəfələrlə vurularaq sıradan çıxıb, yaxta idarəolunmaz vəziyyətə düşüb və dairəvi hərəkət etməyə başlayıb.
Bu zaman ekipaj üzvləri balinaları qəribə üsulla gəmidən uzaqlaşdırıblar. Belə ki onlar balinalara sirkə suyu töküblər və bundan sonra da həyatlarını xilas edə biliblər.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə dəqiqədən sonra balinalar “Oceanview” gəmisinə tərəf yönəliblər. “Nova Vida”nın heyəti təxminən bir saat yarım kömək gözlədikdən sonra təcili sükan sistemini işə salaraq sahilə dönə bilib.
Məlumatlara görə, son illər bölgədə bu tip hücumların sayı artıb. 2020-ci ildən bəri Atlantik okeanında 500-dən çox oxşar hadisə qeydə alınıb. Hələlik insan itkisi olmasa da, çoxlu sayda qayıq ciddi ziyan görüb, bəziləri isə tamamilə batıb.







