Yay mövsümü 1 ay uzandı - istiləşmə 3 dəfə artacaq
Dünyada iqlim dəyişikliyi artıq qaçılmaz həddə çatıb.
Patrul.az xəbər verir ki, alimlərin apardığı son araşdırmalar göstərir ki, yay fəsli 1960-cı illərlə müqayisədə təxminən bir ay, yəni 30 gün uzanıb.
Bildirilib ki, qlobal temperaturun artması nəticəsində yay ayları həm daha tez başlayır, həm də daha gec bitir.
Proqnozlara görə, bu tendensiya gələcəkdə temperaturun daha sürətlə yüksəlməsinə səbəb olacaq.
Araşdırmaya əsasən, yay mövsümünün ən çox uzandığı bölgələr Şimali Amerika, Avropa və Asiya ölkələridir. Bu ərazilərdə yayın müddəti hər on ildə orta hesabla 5–7 gün artır. Bəzi regionlarda isə bu göstərici 6 günü də keçir.
Mütəxəssislər bildirir ki, problem yalnız yayın uzanması ilə məhdudlaşmır, eyni zamanda istiliyin daha intensiv toplanması müşahidə olunur. Hazırda yay aylarında temperatur əvvəlki illərlə müqayisədə üç dəfə daha sürətli artır. Bu isə kəskin quraqlıq, genişmiqyaslı meşə yanğınları və insanlarda ciddi sağlamlıq problemləri kimi riskləri artırır.
Alimlər xəbərdarlıq edir ki, təbiətdə yaranan bu disbalans yaxın gələcəkdə ekoloji böhranı daha da dərinləşdirə bilər.






