Yazı sevənlər və yazdan qaçanlar: allergiyanın səbəbi nədir?
Yaz fəslinə hər kəsin reaksiyası eyni olmur. Kimisi parkda rahat nəfəs alır, kimisi isə burnunu çəkə-çəkə gəzir, gözləri qızarır, səhərlər ard-arda asqırır. “Soyuqdəymədir” deyib keçilən bu vəziyyətin arxasında çox vaxt yaz allergiyası dayanır.
Patrul.az-ın araşdırmasına görə, yaz allergiyası, tibbdə daha çox “mövsümi allergik rinit” adlandırılan vəziyyət immun sisteminin havadakı polenlərə həddindən artıq reaksiya verməsidir. Ağaclar, otlar və çiçəklər çoxalma mövsümünə girəndə havaya mikroskopik tozcuqlar yayılır. Orqanizm isə bunları təhlükəli maddə kimi qəbul edib müdafiəyə keçir. Nəticədə də allergiya başlayır.
Yaz allergiyası özünü necə göstərir?
Ən tipik əlamət ardıcıl asqırmadır. Xüsusilə səhərlər və ya açıq havada olduqdan sonra insan dayanmadan asqıra bilər. Bununla yanaşı:
-burun axması və ya tutulması,
-gözlərdə qaşınma və sulanma,
-boğazda qıcıqlanma,
-damaqda qaşınma hissi,
-quru öskürək,
-nəfəs darlığı,
-halsızlıq və yorğunluq müşahidə olunur.
Bir çox insan allergiyanı qriplə qarışdırır. Amma arada vacib fərq var: allergiyada yüksək hərarət olmur. Üstəlik simptomlar günlərlə yox, həftələrlə davam edə bilər.
Bəzən insanlar “yaz gələndə enerjim düşür” deyə şikayət edir. Bunun səbəbi də allergiyanın gecələr yuxunu pozması və orqanizmi davamlı stress altında saxlamasıdır. Burun tutulduğu üçün keyfiyyətli yuxu alınmır, nəticədə insan gün ərzində yorğun və əsəbi olur.
Niyə son illər daha çox insanda görünür?
Mütəxəssislər bunun səbəblərindən biri kimi iqlim dəyişikliklərini göstərirlər. Havaların daha gec isinib, gec soyuması polen mövsümünü uzadır. Yəni əvvəllər bir ay davam edən allergiya dövrü indi daha uzun çəkə bilir.
Digər tərəfdən şəhər həyatı da bu vəziyyətə təsirsiz deyil. Avtomobil tüstüsü, hava çirkliliyi və qapalı məkanlarda çox qalmaq immun sisteminin davranışını dəyişdirə bilir. Maraqlıdır ki, bəzi araşdırmalar kənddə böyüyən uşaqlarda allergiyanın şəhərdə böyüyənlərə nisbətən daha az görüldüyünü göstərir. Bunun səbəbi təbiətlə daha erkən və daha çox təmasdır.
Allergiya kimlərdə daha çox rast gəlinir?
Əgər ailədə allergiyası olan biri varsa, risk artır. Amma genetik meyil hər şey demək deyil. İnsan illərlə heç bir problem yaşamayıb, sonradan da yaz allergiyası qazana bilər.
Ən çox rast gəlinən risk qrupları bunlardır:
-allergik astması olanlar,
-ekzema problemi yaşayanlar,
-toz allergiyası olanlar,
-siqaret tüstüsünə məruz qalanlar,
-hava çirkliliyinin yüksək olduğu yerlərdə yaşayanlar.
Evdə vəziyyəti necə yüngülləşdirmək olar?
Tamamilə “möcüzəvi həll” yoxdur, amma simptomları azaltmaq mümkündür.
Ən vacib məqam polenlə təması azaltmaqdır:
-küləkli havalarda pəncərəni uzun müddət açıq saxlamaq məsləhət deyil;
-çöldən gələndə üz və saç yuyulmalıdır;
-paltarları açıq havada qurutmaq polenlərin yapışmasına səbəb ola bilər;
-səhər saatlarında polen səviyyəsi daha yüksək olur;
-evdə hava təmizləyicisi istifadə edənlərdə şikayətlər azala bilir.
Əslində yaz allergiyası milyonlarla insanın həyat keyfiyyətini aşağı salan vəziyyətdir. İnsan davamlı yorğun olur, diqqəti dağılır, iş məhsuldarlığı azalır. Hətta bəzi araşdırmalar ağır allergiyanın imtahan nəticələrinə belə təsir göstərə bildiyini deyir.
Yaz fəsli çoxları üçün yenilənmə mövsümüdür. Amma bəziləri üçün o, eyni zamanda qaşınan gözlər, bitməyən asqırıqlar və qızarıq burun deməkdir.
Ləman Sərraf






