Yeni ilə saniyələr qalmış 12 üzüm yemək ənənəsi haradan gəlir? ARAŞDIRMA
Dünyanın bir sıra ölkələrində, xüsusən İspaniya və Latın Amerikası dövlətlərində Yeni ilə saniyələr qalmış maraqlı bir ritual yerinə yetirilir. Saat 12-ni vurarkən 12 üzüm dənəsi yeyilir. Bu adət təsadüfi deyil və tarixi, simvolik mənalara söykənir.
Patrul.az-ın araşdırmasına görə, bu ənənə XIX əsrin sonu və XX əsrin əvvəllərində İspaniyada yaranıb. Həmin dövrdə üzüm istehsalı həddindən artıq artmış, fermerlər məhsulu satmaqda çətinlik çəkmişdilər. Çıxış yolu kimi Yeni il gecəsi üzüm yeməyi uğur gətirən ritual kimi təqdim etdilər. Zamanla bu ideya cəmiyyət tərəfindən qəbul edildi və adətə çevrildi.
Ritualın simvolik mənası isə belə izah olunur. 12 üzüm ilin 12 ayını təmsil edir. Saatın hər zərbəsində bir üzüm yemək qarşıdakı ilin hər ayını uğurla və bərəkətlə keçirmək niyyəti daşıyır. İnanclara görə üzümü rahat yemək həmin ayın problemsiz olacağına, çətinliklə yemək isə müəyyən sınaqlara işarə sayılır.
Son illər bu ənənə sosial şəbəkələrdə yeni inanclarla zənginləşib. Xüsusən Latın Amerikası ölkələrində və TikTok platformasında yayılan inanclara görə 12 üzümü masanın altında yeyən subayların yeni ildə sevgili tapacağına, eləcə də evlilik arzusunda olanların niyyətlərinin gerçəkləşəcəyinə inanılır. Bu yanaşma klassik ənənəyə aid olmasa da gənclər arasında maraq doğurur.
Bəzi mənbələrdə qeyd olunur ki bu adət yalnız maddi bolluq deyil, həm də sağlamlıq, sevgi və xoşbəxtlik arzusu ilə bağlıdır. Numeroloji baxımdan isə 12 rəqəmi tamamlanma, bütövlük və dövrün bağlanması mənasını verir.
Hazırda bu ənənə İspaniya ilə yanaşı Meksika, Peru, Argentina, Kuba və digər ölkələrdə də geniş yayılıb. Azərbaycanda kütləvi adət halını almasa da son illər sosial şəbəkələrin təsiri ilə maraq doğurmağa başlayıb.






