Yeniyetmələri cinayətə sürükləyən dırnaqarası "qəhrəmanlıq" statusunun arxasında nələr dayanır? - AÇIQLAMA
Son dövrlərdə məktəblərdə cinayət və aqressiv davranış hallarının sayı artıb. Bu yaxınlarda Türkiyədə 8-ci sinif şagirdinin öz məktəbində silahla 9 nəfəri qətlə yetirməsi ölkəni yasa bürüdü.
Bu hadisədən sonra Bakıda 9-cu sinif şagirdinin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması cəmiyyətdə, xüsusilə valideynlər arasında narahatlığı daha da artırdı. Bu gün isə Ağstafada IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Mütəxəssislər qeyd edirlər ki, bəzi gənclər bu cür hərəkətləri təkcə impuls və ya qəzəb nəticəsində deyil, eyni zamanda özlərini fərqləndirmək, diqqət çəkmək və müəyyən “status” qazanmaq istəyi ilə törədirlər. Xüsusilə liderlik və qəhrəmanlıq arzusu olan yeniyetmələr bəzən zorakı davranışları “zəifləri qorumaq” və ya “ədaləti bərpa etmək” kimi yanlış şəkildə əsaslandıraraq özlərini qəhrəman obrazında görməyə çalışırlar. Bu isə onların psixoloji inkişafı, sosial mühit və təsir dairələri ilə birbaşa əlaqəli olan mürəkkəb prosesdir.
Bəs bu cür yanlış qəhrəmanlıq düşüncəsi gənclərin psixologiyasında necə formalaşır və hansı amillər bu yanaşmanı gücləndirir?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, yeniyetmə özünü dəyərsiz və anlaşılmamış hiss etdikdə, “haqlıyam” düşüncəsi ilə güc və qəhrəmanlıq ideyalarına yönəlir:
“Bu tip “yanlış qəhrəmanlıq” təsəvvürü birdən-birə yaranmır, tədricən formalaşan bir psixoloji konstruksiyadır və bir neçə amilin üst-üstə düşməsi ilə güclənir. Əvvəla, yeniyetməlik dövrü kimlik axtarışı mərhələsidir. Gənc “mən kiməm?”, “nəyə görə dəyərliyəm?” suallarına cavab tapmağa çalışır. Əgər bu prosesdə özünü dəyərli hiss edə bilmirsə, kənardan gələn “güc”, “ədalət”, “qoruyucu olmaq” kimi ideyalar onun üçün cəlbedici olur. Xüsusilə özünü zəif, haqsızlığa məruz qalmış və ya anlaşılmamış hiss edən yeniyetmə “mən haqlıyam, digərləri səhvdir” düşüncəsinə daha meyilli olur”.

N. Orucov qeyd edir ki, media və sosial şəbəkələr zorakılığı bəzən “qəhrəmanlıq” kimi təqdim edərək gənclərdə yanlış qəhrəmanlıq təsəvvürünü gücləndirir:
“İkinci faktor düşüncənin “qara-ağ” olmasıdır. Bu yaşda bir çox gənc dünyanı ya tam doğru, ya da tam yanlış kimi görür. Bu da “mən yaxşıyam, onlar pisdir” sxemini yaradır. Belə olduqda aqressiv davranış belə onun gözündə “ədaləti bərpa etmək” kimi məna qazana bilir.Media və sosial şəbəkələr də bu obrazı gücləndirə bilir. Bəzi filmlərdə, oyunlarda və hətta real hadisələrin təqdimatında zorakılıq bəzən “haqlı qəzəb” və ya “qəhrəmanlıq” kimi göstərilir. Gənc bunu kontekstdən çıxarıb öz həyatına tətbiq edə bilər. Burada problem odur ki, nəticələr və real həyatın mürəkkəbliyi kifayət qədər vurğulanmır”.
Psixoloq həmçinin bildirir ki, empati çatışmazlığı, emosiyaların düzgün idarə olunmaması və diqqətsiz mühit yeniyetmədə aqressiyanı “qəhrəmanlıq” kimi görən yanlış təsəvvür yaradır:
“Digər mühüm amil empati çatışmazlığı və emosiyaların tənzimlənməsində çətinlikdir. Əgər uşaq başqasının hisslərini anlamağı öyrənməyibsə və öz qəzəbini sağlam şəkildə ifadə edə bilmirsə, aqressiya onun üçün “haqlı vasitə” kimi görünə bilər. Ailə və məktəb mühitində də əgər uşaq dinlənilmirsə, hissləri ciddiyə alınmırsa və ya davamlı təzyiq altındadırsa, o, diqqət və güc hissini bu cür ekstremal yollarla qazanmağa çalışa bilər. Ümumilikdə, bu “qəhrəmanlıq” illüziyası əslində daxili boşluğun, anlaşılmama hissinin və yönləndirilməmiş aqressiyanın nəticəsidir. Bu səbəbdən qarşısının alınması üçün cəzalandırmaqdan çox, erkən mərhələdə emosional savadlılıq, empati və sağlam dəyər sisteminin formalaşdırılması üzərində işləmək vacibdir”.
Cəmilə Cəfərzadə






