media-burning-earth

60-dan çox alim Yer kürəsində qlobal temperatur artımı ilə bağlı xəbərdarlıq edib.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, iqlimşünaslardan ibarət beynəlxalq bir qrup bildirir ki, əgər hazırkı çirklənmə və karbon emissiyası davam edərsə, Yer kürəsində orta temperatur bu onilliyin sonuna qədər sənayedən əvvəlki dövrlə müqayisədə 1,5°C yüksək olacaq.

Məlumata görə, bu göstərici Paris İqlim Sazişi çərçivəsində 200-ə yaxın ölkənin müəyyən etdiyi təhlükə həddinin aşılması deməkdir.

Lids Universitetinin iqlim tədqiqatçısı Piers Forster BBC-yə Yerin təhlükəli vəziyyətdə olması barədə açıqlama verib:

“Hər şey yanlış istiqamətdə gedir. Biz görünməmiş dəyişikliklərlə üz-üzəyik – həm Yerin istiləşməsi, həm də dəniz səviyyəsinin yüksəlməsi getdikcə sürətlənir”.

Mütəxəssislərin sözlərinə görə, son 10 ilin hər biri tarixdə ən isti illər arasında yer alıb. Xüsusilə 2024-cü il bütün dövrlərin ən isti ili kimi qeydə alınıb. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində meşə yanğınları, daşqınlar, qasırğalar və istilik dalğaları kimi təbii fəlakətlər daha tez-tez və daha güclü şəkildə baş verir.

London İmperial Kollecinin professoru Joeri Rogelj isə problem barəsində bu ifadələri i bildirib:

“İstilik artımının hər bir hissəsinin qarşısını almaq vacibdir. Bu, xüsusilə yoxsul və həssas əhali üçün daha az ziyan və daha az əziyyət deməkdir. Əgər biz istədiyimiz həyatı yaşamaq istəyiriksə, cəmiyyət olaraq bu çağırışa cavab verməliyik”.

Qeyd etmək lazımdır ki, alimlər xəbərdarlıqlara baxmayaraq, çıxış yolunun da mövcud olduğunu vurğulayırlar. Günəş və külək enerjisi kimi təmiz enerji mənbələrinin genişlənməsi, yaşıl texnologiyaların tətbiqi və karbon tullantılarının azaldılması ilə bu təhlükənin qarşısını almaq mümkündür. Onların sözlərinə görə, gələcək onillikdə atılacaq addımlar çox önəmlidir və planetin gələcəyi insanlardan asılıdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər