"Zarafat xatirinə düyməyə basmaq cərimə ilə nəticələnə bilər"
Metroda sərnişin təhlükəsizliyinin təmin olunması üçün vaqonlarda quraşdırılmış maşinistlə əlaqə düymələri yalnız fövqəladə və ya zəruri hallarda istifadə məqsədi daşıyır. Lakin bəzi hallarda bu vasitədən əsassız və ya zarafat məqsədilə istifadə olunması həm qatarların hərəkətinə maneə yarada, həm də real təhlükə vəziyyətlərində operativ reaksiyanı çətinləşdirə bilər. Bu isə ictimai nəqliyyatda intizam qaydaları və hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.
Metroda sərnişinlərin maşinistlə əlaqə düyməsindən zərurət olmadan və ya əsassız şəkildə istifadə etməsi qanunvericiliyə görə hansı məsuliyyət yaradır? Belə hallara görə inzibati cərimə və ya digər hüquqi tədbirlər nəzərdə tutulurmu?
Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, metropolitendə “sərnişin-maşinist” rabitəsindən əsassız istifadə həm sərnişin intizamının pozulması, həm də qüvvədə olan qaydalara zidd hərəkət kimi inzibati məsuliyyət yaradan hüquqazidd əməl hesab olunur:
“Metropolitendə vaqon salonunda quraşdırılmış “sərnişin–maşinist” rabitəsindən zərurət olmadan istifadə edilməsi sadəcə etik davranış qaydasının və ya sərnişin intizamının pozulması deyil, normativ hüquqi aktla qadağan edilmiş və inzibati məsuliyyət doğuran hüquqazidd əməldir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli, 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən istifadə Qaydaları” metropolitendə sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi və sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədilə qəbul edilmiş, bu qaydaların Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil olunduğu müəyyən edilmişdir; həmin Qaydalar sərnişinlərdən metropolitenin qurğu və avadanlıqları ilə ehtiyatlı davranmağı, ictimai asayişə və müəyyən olunmuş tələblərə riayət etməyi tələb edir”.
R.Qaraşov qeyd edir ki, qaydalar göstərir ki, “sərnişin-maşinist” rabitəsi yalnız təhlükəsizlik və təcili hallar üçün nəzərdə tutulub, şəxsi müraciət və ya əsassız istifadə isə qadağandır:
“Qaydaların məntiqi sistemindən görünür ki, “sərnişin-maşinist” rabitəsi ümumi müraciət, şikayət, şəxsi narazılıq və ya qeyri-təcili ünsiyyət vasitəsi deyil, məhz təhlükəsizlik funksiyası daşıyan xüsusi rabitə mexanizmidir. Çünki həmin Qaydaların 2.6-cı bəndində sərnişin və ya hər hansı əşya platformadan stansiya yollarına düşdükdə, yaxud qatarların hərəkət təhlükəsizliyinə xələl gətirən hadisə baş verdikdə sərnişinlərin dərhal metro əməkdaşlarına məlumat verməli olduğu, 2.7-ci bəndində isə stansiyalarda və vaqonlarda sahibsiz və ya şübhəli əşya aşkar edildikdə, o cümlədən vaqondakı “sərnişin-maşinist” rabitəsi vasitəsilə qatarın maşinistinə məlumat verilməsinin mümkünlüyü göstərilmişdir; eyni zamanda 5.1.26-cı bənddə zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək birbaşa qadağan edilmişdir. Bu normativ əsas göstərir ki, qanunverici “zərurət” anlayışını real təhlükə, qəza, texniki nasazlıq, sərnişinin sağlamlığına təhlükə, şübhəli əşya, relsə insan və ya əşyanın düşməsi, ictimai asayişin ciddi pozulması və ya qatarların hərəkət təhlükəsizliyinə təsir edən digər təcili hallar kontekstində başa düşür”.

Vəkilin sözlərinə görə, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edən şəxs 200 manat cərimə oluna bilər:
“Buna görə də heç bir obyektiv təhlükə və ağlabatan əsas olmadan düymənin basılması, maşinistlə əsassız əlaqə yaradılması, zarafat, maraq, diqqət cəlb etmək, sosial şəbəkə üçün görüntü yaratmaq və ya qatarın hərəkətini ləngitmək məqsədilə bu rabitədən istifadə edilməsi hüquqi baxımdan zəruri davranış deyil, metropolitendən istifadə qaydalarının pozulmasıdır. Bu pozuntuya görə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsi sanksiya müəyyən edir: zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə şəxs iki yüz manat məbləğində inzibati cərimə edilir. Beləliklə, sözügedən əməl üzrə hüquqi məsuliyyətin əsası həm maddi hüquq norması kimi İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsində, həm də həmin normanın davranış standartını konkretləşdirən “Bakı Metropolitenindən istifadə Qaydaları”nda öz əksini tapır”.
Cəmilə Cəfərzadə






