media-inshot_20251223_215657789

Gündəlik həyatın təlaşında tez-tez gözardı etdiyimiz bir vərdişin, əslində zəka və zehni sağlamlıq üçün böyük əhəmiyyət kəsb etdiyi ortaya çıxıb. Elmi araşdırmalar göstərir ki, gündə cəmi 10 dəqiqə sərf etməklə tətbiq olunan bu sadə vərdiş, stressin azalmasından yaddaşın qorunmasına, yuxu keyfiyyətinin yaxşılaşdırılmasından sosial bacarıqların inkişafına qədər bir çox fayda təmin edir.

Patrul.az-a açıqlamasında mütəxəssislər bildirir ki, bu vərdiş kitab oxumaqdır. Təkcə xoş bir məşğuliyyət olmaqla kifayətlənməyən kitab oxumaq, həm də beyni məşq etdirir, bilik tutumunu artırır və zehni elastikliyi gücləndirir.

Elmi araşdırmaların nəticələrinə görə, gündəlik kitab oxumağın aşağıdakı üstünlükləri var:

Uzunömürlülüyə töhfə verir

ABŞ-nin Yel Universitetinin araşdırması göstərir ki, bədii kitablar oxumaq təxəyyülü stimullaşdırır və zehni aktiv saxlamağa kömək edir.

İdrak zəifləməsini ləngidir

Müntəzəm oxuyan insanlar, yaşlandıqca yaddaş və düşünmə qabiliyyətlərini oxumayanlara nisbətən daha yaxşı qoruyurlar.

Stressi azaldır

Kitab oxumaq gündəlik həyatın təzyiqlərindən qaçmaq və zehni rahatlatmaq üçün sağlam bir yoldur. Nikbinliyi, diqqətliliyi və xoşbəxtliyi artırır.

Zəkanı artırır

Beyin nə qədər çox işləyirsə, bir o qədər güclənir. Araşdırmalar göstərir ki, uşaqlıqda oxuma vərdişi olanların zəka inkişafı daha sürətli olur.

Sosial bacarıqları inkişaf etdirir

Tez-tez oxuyan insanlar başqalarının duyğularını və düşüncələrini daha yaxşı anlamağa və sosial münasibətlərdə daha uğurlu olmağa meyllidirlər.

Yuxu keyfiyyətini yaxşılaşdırır

Oxumaq yuxuya getməyi asanlaşdırır, yuxu müddətini uzadır və gecə dincəlməni təmin edir.

Mütəxəssislər vurğulayır ki, bu vərdişi gündə yalnız 10 dəqiqə tətbiq etmək belə, zehni sağlamlıq və məhsuldarlıq üçün böyük fərq yarada bilər. Kitab oxumağı həyatınızın bir hissəsinə çevirmək həm zəkanı, həm də həyat keyfiyyətini yüksəltmək üçün sadə, amma təsirli bir yol olaraq qalır.


Bənzər xəbərlər