Zelenski: Çin vətəndaşları Rusiyada dron istehsalında iştirak edir
Ukrayna Prezidenti Volodimir Zelenski Çin vətəndaşlarının Rusiyada pilotsuz uçan aparatların istehsalına cəlb edildiyini söyləyib.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Zelenski bu açıqlamanı Kiyevdə keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyada fəaliyyət göstərən dron zavodlarında Çin vətəndaşlarının çalışdığına dair məlumat əldə edib və bu məlumatlar Çin tərəfinə təqdim olunub: “Biz hesab edirik ki, Rusiya bu texnologiyaları oğurlayıb, Çin rəhbərliyi ilə razılaşmadan bu vətəndaşlarla əməkdaşlıq edib”, – deyə Zelenski vurğulayıb.
Prezident bildirib ki, bu dronlar Çin istehsalı olan texnologiyaya əsaslanır və Pekin tərəfinin tərəfdaşlarının bu cür fəaliyyəti ilə tanış olması vacibdir: “Düşünürəm ki, Çin rəhbərliyi üçün bu məsələnin mahiyyətini anlamaq önəmlidir”.
Ukrayna Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı Çin səfirini çağıraraq, Kiyevə qarşı hərbi əməliyyatlarda Çin vətəndaşlarının iştirakının ciddi narahatlıq doğurduğunu bildirib. Nazir müavini Yevgeni Perebyinis qeyd edib ki, bu hallar Çin-Ukrayna tərəfdaşlıq ruhuna ziddir.
Xatırladaq ki, Zelenski bundan əvvəl də Çinin Rusiyaya barıt və silah ötürdüyünü bildirmişdi. O cümlədən də Ukrayna qüvvələrinin vaxtıykən iki Çin vətəndaşını əsir götürdüyünü də açıqlamışdı. Çin isə Rusiya-Ukrayna müharibəsində tərəfsizliyini qoruduğunu və hərbi dəstək iddialarını rədd etdiyini bəyan etmişdi.
Gülbəniz Səfərova